AZ

Qida mütəxəssisi: Dönər satılan yerlərin əksəriyyətində gigiyenik normalar gözlənilmir

Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, aparılan bir elmi araşdırmada bir həftə boyunca siçovullara ancaq fast food qidalar və şirin qazlı içkilər verilir:

“Bir həftədən sonra həmin siçovullar çox rahat keçə bildikləri kiçik labirintin çıxışını tapa bilmirlər, məlum olur ki, onların beyinlərində infeksiya yaranıb, beyin hüceyrələrində dəyişiklik baş verib. Sözümün canı odur ki, cəmi bir həftə ərzində fast food qida qəbulu bu cür nəticələnirsə, onda daimi bu cür qidalanmağın nəticəsini özünüz düşünün! Əslində bu cür zəhərlənmə hallarının olması normaldır. Çünki, hazırda demək olar ki, dönər satılan yerlərin əksəriyyətində heç bir gigiyenik normalar gözlənilmir, ətin hardan, necə alındığı tam aydın deyil, istifadə olunan digər ərzaqların təmizliyi və keyfiyyətinə heç kim cavabdehlik daşımır. Adından da göründüyü kimi, "tez-tələsik" yediyimiz üçün də bu cür hallarla tez-tez rastlaşırıq. Həmçinin aldığımız qidanın "zəhərli" olub-olmadığını ayırd etmək də çətindir. Bəlkə qoxusunda, görüntüsündə və dadında fərqli nəsə isə hiss etsək, şübhələnə bilərik. Əks halda çox təəssüf ki, zəhərlənmə qaçınılmazdır. Qida zəhərlənməsinin simptomları adətən 2-3 gün ərzində öz-özünə yox olur və heç bir müalicə tələb etmir.  Bu dövrdə ishal və qusma nəticəsində itirilən mayenin yerini doldurmaq üçün bol su və yağsız mayelər içmək lazımdır. Qusma varsa ürəkbulanma əleyhinə dərmanlar istifadə edilə bilər. Lakin, çox şiddətli maye itkisinə səbəb olacaq qusma və ishal varsa və ya simptomlar 2-3 gün ərzində keçmirsə, həkimə müraciət edilməlidir. Qida zəhərlənməsi və hətta insan ölümlərinin qarşını almaq üçün mütləq ciddi şəkildə nəzarət edilməlidir. Eyni zamanda müəyyən tələblər qoyulmalı və normalar tətbiq olunmalıdır. Bir də ki, axı biz özümüz də düzgün seçim edə bilərik. Sağlamlığımız seçimlərimizdən asılıdır! Sağlam qidalanaraq sağlam yaşayın!”
Seçilən
22
sherg.az

1Mənbələr