AZ

İrəvanın Avropa İttifaqı üçün təxribat planı: Duda Arazdəyənə niyə gəlir?

Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir.

1. Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir;
2. O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq;


2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Hərçənd, Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur. Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib.

Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı ittifaqın Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün Aİ-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var.

- Azərbaycan müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır: 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı;
- Rəsmi Bakının Brüsselə etirazı təkcə ritorika ilə yekunlaşmaya bilər: Macarıstan üzərindən yekdil qərarın çıxmasına qarşı praktiki addım atmaq imkanı var;

Mümkündür ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı görünür.

Birincisi, Aİ-də yekdil qərarın qəbul edilməsi üçün diplomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı görünür) təzyiq etmək;
İkincisi, Aİ-də yekdil qərarın çıxması və potensial etirazçıların fakt qarşısında qoyulması üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq: Ermənistan-Azərbaycan sərhədində yeni bir eslakasiya, yaxud ən azı kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində “qaçılmaz reallıq” ortaya çıxa bilər; bu kontekstdə Ermənistanın Aİ missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq, təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir.

Asif Nərimanlı
publika.az

Seçilən
11
8
turkustan.az

10Mənbələr