AZ

Ailə, din riyakarlığın mənbəyidir... - Səsvermə hüququndan məhrum olunmuş rejissor

Bu gun görkəmli rejissor, dramaturqu və şair Bernardo Bertoluççinin anım günüdür.

Kulis.az Bernardo Bertoluççinin “Parisdə son tanqo” filmi haqqında Sevda Sultanovanın resenziyasını təqdim edir.

Süjet: Polun (Marlon Brando) arvadı naməlum səbəblərdən intihar edir. Ümidsizliyə qapılmış Pol təsadüfən küçədə rastlaşdığı qadına Jannaya (Mariya Şnayder) vurulur.

Qadın kişi ilə münasibətlərində dəqiqlik istəyir. Onunla münasibəti saxlamaq üçün isə kişi dəyişməlidir. Cəmiyyətdə hamı kimi yaşamalı, sosial maska geyməli, yalan danışmalı, cəmiyyətin vərdiş etdiyi oyun qaydalarına uyğunlaşmalıdır. Bütün bunları isə kişi qəbul etmək istəmir, dəyişməyi özünə xəyanət kimi qəbul edir.

1972-ci ildə çəkilən filmin mərkəzində mahiyyətcə qiyamçı insan dayanır. Nəyisə dəyişmək, klişelerdən qurtulmaq istəyən, toplumun qaydaları ilə yaşamaq istəməyən insan.

Bəziləri filmi burjuaziyaya qarşı yönəlmiş hesab edir. Amma film bəlli təbəqənin, bəlli dəyərlərin hədəfə almaq çərçivələrindən kənara çıxır, o, qlobal, ekzistensial bir şeydən danışır: fərdin dünyanın mahiyyətinə, Tanrıya üsyandan, insan varoluşunun mənasızlığından.

Polun ona xəyanət edən, yalan danışan və sonra hansısa səbəbdən özünü öldürən arvadını maskalanmış cəmiyyətin metaforu kimi də tərif etmək olar.

Maskalanmış toplum Polu qiyamçıya çevirir, o, cəmiyyətlə təmasda olmaq istəmir, mənzilinin qapısının arxasındakı hər şey onun üçün zir-zibil, tullantıdır.

Dünya, keçmiş və gələcək onu maraqlandırmır, o sevişdiyi qadının adını, kim olduğunu, hardan gəldiyini də bilmək istəmir. Ailə, din onun üçün riyakarlığın mənbəyidir.

Hətta mənzilində belə dünyadan gizlənmək üçün künc axtaran Pol deyir: “Mən dünya haqda heç nə eşitmək, onu tanımaq istəmirəm. Ona nifrət edirəm, o, pisdir”.

Ehkamlara qarşı maksimalist davranan Pol makiyajsız, natural həyat istəyir. Janna isə radikal dəyişikliyə hazır deyil. Və sonadək Polla birgə olmağa nəfəsi çatmır. Bu isə Polun ölümü ilə nəticələnir.

Brando obrazın tənhalığını, əvvəlcədən məğlubiyyətə məhkum olduğunu dərk edən insanın əlacsızlığını fiziki ağrı səviyyəsində göstərir.

Brandoya filmin nə haqda olması sualı ünvanlananda o “həyat və əzab haqda” cavabını vermişdi.

Filmin maraqlı səhnələrindən biri restoranda tanqo yarışçılarına Pol və Jannanın da qoşulmasıdır.

Onların rəqsi tanqonun qaydalarına tamamilə ziddir: Pol Jannanı belinə alır, yerlə sürünürlər, uzanırlar - bununla da özlərinin ruhi vəziyyətlərini ifadə edirlər.

Bertoluççinin sözlərinə görə, filmin ideyası onun seksual fantaziyalarından – öz arzularının qadınına küçədə rast gəlmək və onun adını bilmədən sevişmək istəyindən doğub.

“Parisdə son tanqo” açıq-saçıq sayılan səhnələrinə görə ötən əsrin ən qalmaqallı ekran əsərlərindən sayılır. Məşhur epizodlardan birində Pol zorla Jannanın arxasına kərə yağı sürtür.

Sonralar Şnayder müsahibəsində demişdi ki, məlum səhnənin çəkilişi zamanı o özünü alçalmış hiss etmiş və 2011- ci ildə xərçəng xəstəliyindən ölən aktrisa ömrünün sonuna kimi kərə yağı yeməmişdi.

Çəkilişlərdən sonra zorlanmış adamın hissini yaşadığını deyən Brando isə uzun müddət Bertoluççi ilə danışmadı.

1970-ci illərdə pornoqrafik elementlərdən dolayı filmə keçmiş Sovetlər Birliyində və Avropanın bəzi ölkələrində qadağa qoyulmuşdu.

İş o yerə çatmışdı ki, İtaliya məhkəməsi rejissoru pornoqrafiyanı yaymaqda ittiham edərək ona iki aylıq həbs cəzası verdi. Üstəlik, beş il seçkilərdə səsvermədən məhrum etdi.

Jannanın nişanlısı, rejissor Tom obrazı fransız “Yeni dalğa”nın ideoloqlarından biri Fransua Trüffoya parodiyadır.

Dahi İsveç rejissoru İnqmar Berqmana görə, rejissor əhvalatı iki homoseksualın münasibəti üzərində qurulsaydı, filmin mənası olardı. Bertoluççi deyib ki, bu tənqidi haqlı sayır, çünki ssenarinin alternativ variantlarından birində belə ideya vardı.

Seçilən
32
kulis.az

1Mənbələr