AZ

Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir vasitəçiyə çevrilmişdir

Azərbaycan davamlı uğurları, ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə hər zaman dünyanın diqqətində olur. Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbiri də uğurla baş tutdu. Heç şübhəsiz, Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. Bunu şərtləndirən bir çox amillər var.

Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29-da iştirak etmək üçün ölkəmizdə olan müxtəlif ölkələrin prezidentləri, vitse-prezidentləri, baş nazirləri, beynəlxalq qurumların rəhbərləri ilə ayrı-ayrılıqda görüşləri münasibətlərimizin inkişafında yeni səhifənin açıldığının göstəricisidir.

Ölkəmizdə keçirilən mötəbər tədbirdə “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa və Avropa İttifaqının tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi.

Lakin bütün bunlara baxmayaraq COP29-da qəbul olunan hər il inkişaf edən və ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması barədə önəmli qərar qəbul edildi. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bir sözlə, Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. COP29 konfransının Bakıda keçirilməsi Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğuna dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilmişdir.

 

k.ü.f.d., dosent Reyhan AĞAYEVA,

ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı

Seçilən
39
2
tehsil.biz

3Mənbələr