AZ

Kiber cinayətkarlıq və kiber təhlükəsizliyin beynəlxalq münasibətlərə təsiri

Image

Kiber cinayətkarlıq, dövlətlər üçün ənənəvi təhlükəsizlik təhdidlərini yeniləri ilə əvəz etmişdir. Bu sahədəki təsirlər əsasən üç istiqamətdə müşahidə olunur. Birincisi, milli təhlükəsizliyə olan təhdidlərdir. Dövlətlərin infrastruktur sistemlərinə edilən kiber hücumlar, milli təhlükəsizlik siyasətinə birbaşa təsir göstərir. Məsələn, 2010-cu ildə İranın nüvə proqramını hədəf alan “Stuxnet” virusu, rəqəmsal texnologiyaların dövlətlərarası rəqabətdə necə istifadə olunduğunu göstərən ən bariz nümunələrdən biridir. Belə vəziyyətlərə qarşı hər birimizin məsuliyyət daşıdığını unutmamalıyıq: “Kiber təhlükəsizlik – Hər birimizin məsuliyyəti!”İkincisi, diplomatik gərginliklərdir. Kiber cinayətlər, xüsusilə dövlətlərarası hücumlar, beynəlxalq münasibətlərdə diplomatik böhranlara səbəb olur. Məsələn, 2014-cü ildə “Sony Pictures”-ə edilən kiber hücum, ABŞ ilə Şimali Koreya arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdır. Bu cür böhranlar, kiber hücumların yalnız texnoloji deyil, həm də siyasi gərginliklərə səbəb olacağını göstərir. Üçüncüsü, hibrit müharibələrdir. Kiber hücumlar, ənənəvi müharibələri rəqəmsal müstəviyə keçirərək dövlətlərin hərbi doktrinalarında yeni yanaşmaların meydana gəlməsinə səbəb olmuşdur. Bu, həmçinin “Hər klik təhlükə ola bilər, təhlükəsiz qal!” anlayışını ortaya qoyur.

Kiber cinayətkarlığın inkişafı dörd əsas mərhələyə bölünə bilər. İlk mərhələ 2000-2010-cu illər arası dövrü əhatə edir. Bu dövrdə kiber cinayətlər daha çox fərdi istifadəçilərə və kiçik təşkilatlara yönəlmişdi. “ILOVEYOU” və “MyDoom” kimi kompüter virusları, həm texnoloji sistemlərə, həm də fərdi istifadəçilərə böyük zərər vurmuşdur. İkinci mərhələ 2010-cu ildən sonranı əhatə edir. Bu dövrdə dövlət qurumları və iri korporasiyalara edilən hədəfli hücumlar genişlənmişdir. “Stuxnet” və “Wannacry” kimi hadisələr, dövlətlərin və qlobal korporasiyaların kiber təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olmuşdur. Üçüncü mərhələ isə COVID-19 pandemiyası dövrüdür (2020-2021). Pandemiya dövründə rəqəmsal fəaliyyətin artması ilə kiber hücumlar daha da çoxalmışdır. Səhiyyə sistemləri, onlayn ticarət və təhsil platformaları əsas hədəfə çevrilmişdir. Sonuncu mərhələ müasir dövrü əhatə edir. Bugünkü kiber cinayətlər innovativ texnologiyalardan istifadə etməklə həyata keçirilir. Süni intellekt, maşın öyrənmə alqoritmləri və blokçeyn texnologiyaları, kiber cinayətkarlığın yeni formalarını ortaya çıxarır. Bütün bunlar göstərir ki, kiber təhlükəsizlik yalnız fərdi deyil, həm də cəmiyyətin hər bir üzvü üçün vacibdir. “Kiber təhlükəsizlik: Etibarlı bir gələcək üçün ilk addım.”Kiber cinayətlərin təsiri daha çox müəyyən sahələrdə müşahidə olunur. Bank və maliyyə sektoru, maliyyə oğurluqları, fişinq və fidyə proqramları vasitəsilə bank sistemlərinə edilən hücumlarla üzləşir. Bu, qlobal iqtisadi sistemdə ciddi böhranlara səbəb olur.  Xəstəxana sistemlərinə və xəstə məlumatlarına edilən hücumlar, tibb sektorunda ciddi problemlər yaradır. Məsələn, 2021-ci ildə İrlandiya Səhiyyə Xidmətinə edilən kiber hücum səhiyyə sistemini iflic etmişdir. Enerji infrastrukturu da kiber hücumların hədəfi olaraq dövlətlərin enerji təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Media və informasiya sahəsində isə dezinformasiya kampaniyaları və sosial media manipulyasiyaları beynəlxalq münasibətlərə təsir edir və ictimai rəyin formalaşmasına müdaxilə edir.Kiber təhlükəsizlik, milli təhlükəsizlikdən çox, beynəlxalq münasibətlərdə sabitliyin təmin edilməsi üçün əsas amillərdən biridir. Dövlətlərarası əməkdaşlıq bu sahədə mühüm rol oynayır. Beynəlxalq təşkilatlar, xüsusilə NATO və Avropa İttifaqı kimi qurumlar, dövlətlərin bu sahədə güclənməsi üçün müxtəlif strategiyalar hazırlayır. Hüquqi çərçivələr də kiber təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Lakin bu sahədə razılığa gəlmək çətindir, çünki dövlətlər arasında maraqlar toqquşur. Kiber silahlar və dövlətlər arasında kiber güc yarışı, beynəlxalq münasibətlərin yeni mərhələsini formalaşdırır. Bu vəziyyətdə, “Rəqəmsal dünyanın qorunması, gələcəyimizi qorumaq deməkdir.” Düşüncəsini rəhbər tutmalıyıq.

Barack Obama, ABŞ Prezidenti (2009-2017), kiber təhlükəsizliklə bağlı bir çox dəfə fikirlərini səsləndirərək demişdir: “Kiber təhlükəsizlik bu dövrün ən böyük təhlükəsizlik məsələsidir. Biz daha güclü və daha dayanıqlı bir kiber müdafiə yaratmalıyıq.”

Kiber təhlükəsizliyin gələcəyi, texnoloji, hüquqi, iqtisadi və sosial aspektlərdən formalaşacaqdır. Texnoloji perspektivdə süni intellekt və maşın öyrənmə təhlükəsizlik sistemlərini gücləndirsə də, cinayətkarların fəaliyyətini asanlaşdırır. Hüquqi perspektivdə, dövlətlər arasında kiber cinayətlərin tənzimlənməsi üçün vahid hüquqi mexanizmlərin olmaması problem olaraq qalır. İqtisadi perspektivdə, kiber cinayətlərin yaratdığı iqtisadi itkilər qlobal təhlükəsizlik büdcələrinin artırılmasını tələb edir. Sosial perspektivdə isə kiber cinayətlər cəmiyyətin rəqəmsal mühitə olan etibarını zəiflədir.

Satya Nadella, Microsoft-un CEO-su, kiber təhlükəsizlik mövzusunda da vacib bir fikri səsləndirərək bildirib: “Kiber təhlükəsizlik, hər bir qurum və insan üçün ən vacib məsələdir. Əgər etibarlılıq yoxdursa, heç bir şey etibarlı deyil.”


Fidan Rəcəbova

Azərbaycan universiteti






Seçilən
24
baki-xeber.com

1Mənbələr