AZ

Yassin Benzya: “Olimpik”ə ən yaxşısını arzulayıram, amma…”

“Qarabağ”ın futbolçusu Yassin Benzya Avropa Liqasında Lion “Olimpik”inə qarşı keçirəcəkləri matçla bağlı Fransa mətbuatına danışıb.

Arena.az xəbər verir ki, Ağdam klubu Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 28-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpik”lə üz-üzə gələcək.

Fransa mətbuatı bu oyundan öncə vaxtilə Fransadakı çıxışı ilə tanınmış Benzyadan açıqlamalar almaqdadır. Əlcəzairli futbolçu belə açıqlamalardan birini “Leprogres”ə verib.

30 yaşlı yarımmüdafiəçi sabiq komandasını daim izlədiyini bildirib: “Bu komanda ilə üz-üzə gəlmək mənim üçün xüsusidir. Lion “Olimpik”inə ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox”.

Benzya Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb:

“Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. “Olimpik”lə qarşılaşmaq isə yaxşı oldu. Mən bu komandanın futbolçularından Korenten Tolisso, Aleksandr Lyakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm”.

Xatırladaq ki, Yassin Benzya 2011-2015-ci illər aralığında Lion “Olimpik”inin formasını geyinib. Bu, əlcəzairli futbolçunun peşəkar karyerasında ilk komandası olub.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 75 oyuna çıxıb, 22 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 13 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
18
arena.az

1Mənbələr