AZ

Sevişmək və zorlanmaq – Dörd hissəli sənədli film

Şəkildə gördüyünüz poza (duruş) “Azərbaycan futbolunun bu günü” adlı sənədli filmdən çəkilib və futbolumuzun hazırkı vəziyyıətini əks etdirir.

Buna dizlərini yerə atmaq, əyilmək, ağrıdan ayağa dura bilməmək, hətta dombalmaq da deyə bilərsiniz.

Beş günü əhatə edən dörd hissədən ibarət sənədli film başa çatdı. Oktyabrın 11-i və 14-ü əsas milliyə, ayın 12-si və 15-i isə U-21 yığmamıza həsr olunmuşdu.

Bəribaşdan deyim edim ki, yüzminlərlə, bəlkə də milyonu aşan izləyici kütləsi olan “CBC Sport” rəhbərliyi pornoqrafik görüntüləri efirə daşıdığına görə xalqdan üzr istəməlidir. Yəqin ki, filmdə erotik səhnələrin olacağını təxmin etməmişdilər. Bilsəydilər, göstərməzdilər.

Fernando Santuşlu yığma Estoniya ilə Slovakiyadan 6 qol “yeyib”, əvəzində 2 qol vurmağa nail oldu. Filmdəki görüntülərə uyğun didlə desək, qrup sonuncusu statusu ilə barışan ölkəmizin bir nömrəli futbol komandası rəqibləri ilə sevişdi. Ağır təzyiq görmədən, şiddətə uğramadan əllərini yerə qoydu. Bu, bəlkə də Estoniyanın futbol ölkəsi olmaması, slovakların Bratislavada yox, Bakıda oynamasına görəydi. Əks halda daha sərt səhnələrin şahidi olardıq.

U-21-in Böyük Britaniya səfərindən əvvəl bilinirdi ki, televizorda erotikadan çox zorlanma səhnələri təqdim olunacaq. Gümanımızda yanılmadıq. İrlandiya yığmamızı döyə-döyə, söyə-söyə 5 dəfə mərkəzə dəvət etdi. Bizimkilər ağızlarını açıb söz də deyə bilmədilər. Məsum baxışlarla irlandların soyumasını gözlədilər.

İngiltərə yığması isə amansız imiş. Daha çox şiddət, təzyiq, güc tətbiq etdi. Uşaqları o hala saldılar ki, səsləri də çıxmadı. Yıxılıb yerdə qalan kim, ağrıdan belini tutan kim, filmin bitməsini gözləyən kim. İngilislər bütün ağırlığını komandamızın üstünə qoyub, 7 cavabsız “atəşlə” istəyinə çatdı. Filmdəki bəzi səhnələrdə yer alan Samir Əliyev isə baxmaqla əziyyət çəkirdi.

Azərbaycan futbolunun bu gününü, eləcə də sabahını əks etdirən bu dörd oyunla futbolumuzu gözləyən gələcəklə yaxından tanış olduq. AFFA-da oturub şəxsi mənafeyini güdənlər, inkişaf strategiyası hazırlamaq əvəzinə, papağını günə verənlər ölkə futbolunu uçuruma aparmaqda davam edir. Artıq məlumdur ki, Elşad Nəsirov-Rövnəq Abdullayev-Elxan Məmmədov triosunun 16 il əvvəl başlatdığı yolu indikilər uğurla davam etdirir.

Yaxın gələcəkdə özündə mazoxizmi əks etdirən filmlərə baxacağıq bu gedişlə.
HƏBİB

Seçilən
33
sportinfo.az

1Mənbələr