AZ

ABŞ-Azərbaycan münasibətləri yeni mərhələdə

Hələ birinci prezidentlik dövründə Donald Tramp Azərbaycan ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət ayırıb

İkitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər...

XXI əsrin birinci rübünün son ilinin başlanmasına cəmisi bir neçə ay qalmış beynəlxalq aləm yeni siyasi-iqtisadi çağırışlarla üz-üzədir. Bu gün xüsusilə, qlobal təhlükəsizlik məsələsi ən aktual müzakirə predmeti kimi önə çıxır. Dünyanın əksər bölgələrində baş verən kataklizmlər, gərginlik və hərbi eskalasiyalar əsaslı təhdid mühiti formalaşdırır - çıxış yolu isə müzakirələr və qarşılıqlı anlaşmalar, siyasi ambisiyalardan geri çəkilməkdir.

Artıq yeni siyasi-iqtisadi mərhələnin ilkin işartıları sezilməkdədir - başqa sözlə, Qərbin radikal, ambisioz və barışmaz yanaşma siyasəti artıq son günlərini yaşayır. ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gəlməsi və 4 illik fasilədən sonra ölkəsinin 47-ci dövlət başçısı seçilməsi bütün dünyada yeni perspektivlər formalaşdıracaq. Arqumentlər isə ortadadır - faktlar qarşıdakı illəri həm qlobal təhlükəsizlik, həm beynəlxalq ticari əlaqələrin inkişafı, həm də əməkdaşlıq baxımından yeni dövr kimi xarakterizə edir.

Əməkdaşlığın inkişaf etdirilməsi üçün...

Noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaqdır. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

Onun hakimiyyəti dövründə ...

Qeyd edilməlidir ki, son illərdə beynəlxalq arenada gərginliklərin daha da artmasına istisnasız olaraq bir sıra güclərin və ya hakimiyyət nümayəndələrinin birbaşa təsiri vardı - xüsusilə, Qərbin bəzi məsələlərə yanaşmasında nəzərə çarpan ştrixlər bunu deməyə əsas verir. Son 4 ildə ABŞ-da hakimiyyətdə olan Bayden administrasiyasının yaratdığı iqtisadi-siyasi “mühit” inkişafa və əməkdaşlığa xidmət etməyib. Məsələn, ABŞ hakimiyyətinin qeyri-stabil yanaşması artıq bir neçə ildir müzakirə olunan Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması xəttinə açıq maneəçilik kimi dəyərləndirilə bilər. Bayden administrasiyası bu münasibətlərin normallaşması üçün birləşdirici deyil, dağıdıcı funksional yanaşması ilə seçilib.

Artıq Qərbin bu prosesə yanaşmasında da yeni situasiya və reallıqlar yaranacaq - Donald Trampın yenidən prezident seçilməsi beynəlxalq sülhün formalaşmasına, iqtisadi inkişafın və artımın hissediləcək dərəcədə yüksəlməsinə yol aça bilər. Təsadüfi deyil ki, özünün seçki platformasında “müharibəsiz dünya” şüarını qeyd edən Tramp gələcək fəaliyyətində bu xətti əsas götürəcəyini bildirmişdi. Trampın birinci prezidentliyi dövrü də eyni siyasi xətt ilə inkişaf edib. Bu ilin iyulunda Şuşada keçirilən Qlobal Media Forumunda sualları cavablandırarkən Prezident İlham Əliyev Donald Trampın birinci prezidentlik dövrünə toxunmuşdu. Dövlət başçısı qeyd etmişdi ki, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq: “Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.

Azərbaycan-ABŞ iqtisadi göstəriciləri...

Telefon danışığında da qeyd olunduğu kimi, Donald Trampın birinci prezidentliyi dövründə, yəni 2017-2021-ci illər ərzində ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə müsbət inkişaf dinamikası nəzərə çarpıb. Bu, xüsusilə ticarət əlaqələrində özünü göstərib. Belə ki, 2017-2021-ci illər arasında iki ölkə arasında ticarət dövriyyəsi əsasən enerji və qeyri-neft sektorları ətrafında qurulub. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 843 milyon ABŞ dolları olub. 2018-ci ildə bu rəqəm 928 milyon ABŞ dollarına çatıb. 2020-ci ildə pandemiya təsirlərinə baxmayaraq, ticarət həcmi təxminən 596 milyon ABŞ dolları təşkil edib. 2021-ci ildə isə bu göstərici yenidən artaraq 743 milyon ABŞ dollara yüksəlib.

Eyni inkişaf tempi siyasi əlaqələrdə də nəzərə çarpıb - həmin dövrdə siyasi dialoq müxtəlif səviyyələrdə inkişaf etdirilib. ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi davam edib. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsindən sonra ABŞ Cənubi Qafqazda sabitliyin qorunmasına çağırışlar səsləndirib və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Paralel olaraq isə iki ölkə arasında enerji təhlükəsizliyi ilə bağlı müzakirələr artırılıb, Bakı-Tbilisi-Ceyhan boru xətti kimi layihələrin əhəmiyyəti vurğulanıb.

Terrorizmə qarşı mübarizə....

ABŞ ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə, regional sabitlik və enerji infrastrukturu təhlükəsizliyini təmin etmək istiqamətində sıx əməkdaşlıq ediblər. Ölkəmiz Əfqanıstanda NATO missiyasına dəstək verib və ABŞ üçün strateji logistik tərəfdaş rolunu oynayıb. Tərəflər arsında kiber təhlükəsizlik və regional təhlükəsizlik üzrə məsləhətləşmələr aparılıb. Bu göstəricilər ABŞ ilə Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlığının geniş perspektivlərə malik olduğunu göstərir.

Prezidentliyi dövründə Donald Tramp xüsusi günlərdə Azərbaycan Prezidentinə məktublar göndərərək iki ölkə arasındakı tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. O, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və beynəlxalq terrorizmlə mübarizə sahələrində əməkdaşlığı yüksək qiymətləndirib. Məsələn, 2017-ci il məktubunda Tramp, Cənub Qaz Dəhlizinin inkişafını dəstəklədiyini qeyd etmişdi. Bu məktublar həm də Azərbaycanın strateji əhəmiyyətini göstərir.

Həmçinin Prezident Tramp administrasiyası Azərbaycanın enerji infrastrukturunun Avropa enerji təhlükəsizliyindəki əhəmiyyətini xüsusi qeyd etmişdi.

Pərviz SADAYOĞLU

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr