AZ

“Beyin çatışmazlığı”ndan əziyyət çəkənlərin faciəsi

İrəvan bir yandan Azərbaycan və Türkiyə ilə “yaxınlaşmaq” istəyir, digər tərəfdən “miatsum” vay-şivəni qoparır

Elə xəstəliklər var ki, tibb elmi onların yaranma səbəblərini indiyədək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan “Miasteniya” (“əsəb-əzələ zəifliyi” anlamını verir -red.) xəstəliyi də bu siyahıya salınmış xəstəliklərdəndir. Amma xüsusi növ xəstəliklər də vardır ki, səbəbi elmi ictimaiyyətə məlum olsa da, onun əlacı müşkül məsələyə çevrilib. “Miasteniya”nın səciyyəvi əlaməti ondan ibarətdir ki, xəstəliyin müalicəsi həkimin peşəkarlığından qətiyyən asılı deyil. Yavaş-yavaş beyini sıradan çıxarmağa başlayan bu virusdan qurtulmaq üçün, ilk növbədə, immuniteti pozulmuş xəstə özü hədsiz dərəcədə məsuliyyətli olmalıdır.

Neçə əsrdir ki, hayların beynini pozmaqda davam edən “miatsum” da eynilə “Miasteniya” kimi yalnız pasiyentin dözüm və iradəsi ilə candan, daha doğrusu, beyindən silinə bilər. Çox çətin prosesdir. “Stajlı” narkomanın tiryəkdən əl çəkməsi qədər müşkül məsələdir.

Dekabrın 12-13-də İrəvanda “Soyqırımı cinayətinə qarşı” devizi altında V qlobal forum keçiriləcək. Forumun mətbuat xidmətindən “Armenpress”ə verilən məlumata görə, iki gün davam edəcək tədbir “Soyqırımı və digər vəhşiliklər riskinə erkən xəbərdarlıq və erkən reaksiya vermək üçün beynəlxalq mexanizmlərin effektivliyinin artırılması” adlanacaq. Qlobal forumda risk faktorlarının müəyyən edilməsi və onlara vaxtında reaksiya verilməsi problemləri müzakirə olunacaq. Müzakirələrə beynəlxalq mexanizmlərin səmərəliliyinin artırılması, eləcə də praktiki və siyasi səviyyədə ardıcıllığın təmin edilməsi daxildir.

Əgər bu məlumatdan tədbiri keçirəcək ölkənin adını çıxarsaq, ortada təəccüblü heç nə olmazdı. Yox, axı həmin tədbirdə “soyqırımı cinayətlərindən” dünyanın hansısa sivil dövlətinin mədəni xalqı deyil, əməlləri ilə XX əsrin vandalları, uşaq qatilləri adlarını qazanmış ermənilər danışacaq.

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı mövzu ilə bağlı XQ-yə bunları bildirdi: “Dünyanın müxtəlif yerlərində baş vermiş soyqırımı cinayətlərinin araşdırılması ona xidmət edir ki, bəşəriyyət belə halların təkrar olunmaması üçün müəyyən addımlar atmalıdır. İki-üç il bundan əvvəl İstanbul Universitetinin nəzdində soyqırımı cinayətlərinin araşdırılması üzrə bir institut yaradıldı. Bu institutun fəaliyyətini geniş ictimaiyyət də təqdir edir, məsələyə biganə qalmır. Belə ağrılı bir məsələnin müzakirəsi üzrə Ermənistanda forumun keçirilməsini doğru yanaşma saymıram. Çünki rəsmi İrəvan uzun illər ərzində “erməni soyqırımı” dedikləri qondarma məsələni beynəlxalq gündəmə gətirməyə çalışır. Bunun nəticəsində dünyanın 30-dək ölkəsində “erməni soyqırımı” parlamentlər səviyyəsində tanınıb. Ermənilər daha çox ölkədə bu qondarma soyqırımı məsələsinin qəbul olunması üçün dəridən-qabıqdan çıxırlar. Məqsədləri son nəticədə həmin yalançı soyqırımını Türkiyəyə də qəbul etdirmək idi. Amma, bu, mümkün olmadı. Xüsusilə, 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana vurduğumuz ağır zərbədən sonra İrəvan Ankara ilə münasibətləri nizamlamaq, diplomatik əlaqələrini bərpa etmək barədə düşünür. “Erməni soyqırımı” məsələsi danışıqlar prosesində müzakirə mövzusu oldu və Ankaranın tələbi ilə bu ideologiyadan əl çəkmək rəsmi İrəvanın siyasi xəttinə çevrilib. Yəni, başa salındı ki, əgər Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin qurulmasında yenə “erməni soyqırımı” mövzusunda israr edərsə, bunun heç bir nəticəsi olmayacaq”.

Q.Çaxmaqlı hesab edir ki, İrəvanda “Soyqırımı cinayətlərinə qarşı” devizi altında qlobal forumun keçirilməsi o deməkdir ki, hakimiyyət Türkiyə ilə danışıqlarda səmimi olmayıb: “Bu yolla qondarma ideyanı yenidən beynəlxalq gündəmə daşımaq istəyir. Doğrudur, İrəvandakı soyqırımı institutu əvvəlki kimi fəaliyyət göstərə bilmir, amma Ermənistan bu ideologiyadan tam imtina etməkdən hələ uzaqdır. Erməni ictimaiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. İndiki mərhələdə, məhz Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq barədə danışıqların getdiyi çox həssas məqamda belə bir forumun keçirilməsinin dialoqa balta vuracağını deyənlər də tapılır. İrəvan üçün bu forumdam imtina etmək hələ gec deyil. Əks-təqdirdə, bu, Ermənistanın bölgədə sülh və əmin-amanlıq şəraitində yaşamasına mane olan cəhd kimi qiymətləndiriləcək. Tarixdə nəinki “erməni soyqırımı” deyilən məsələ olmayıb, əksinə ermənilər tərəfindən Türkiyə və Azərbaycan türklərinə, bölgənin dinc sakinlərinə qarşı soyqırımları törədilib. Bunu tarixi faktlarla həm biz, həm də avropalı araşdırmaçılar ortaya qoymuşlar”.

* * *

“Belə bir forumda 1915-ci il hadisələrinin yada salınacağı, kəskin çıxışların ediləcəyi şübhə doğurmur. Qarabağdan ermənilərin “etnik təmizləmə” nəticəsində çıxdıqları da deyiləcək və bunda bizi “ittiham edəcəklər”. Yəni, Azərbaycanın ünvanına da sərt ifadələr işlədəcəklər”. Buna əmin olduğunu dilə gətirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov təəccüb doğuran başqa bir məqama diqqəti yönəltdi: “Hayların baş naziri çıxışlarında özünü demokrat, “sülh göyərçini” kimi qələmə verməyi xoşlayır. O, “sülhpərvər dövlət xadimi” kimi dünyaya bəyan edir ki, bölgədə sabitliyin yaranmasının tərəfdarıdır. Yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Onu da bilirik ki, İrəvanla Ankara arasında danışıqlar gedir və sərhədlərin açılması, əlaqələrin yaranması kimi məsələlər müzakirə olunur. Axı, iqtisadi cəhətdən təcrid vəziyyətinə düşmüş Ermənistan müəyyən çıxış yolları axtarmağa məcburdur. İrəvan, eyni zamanda, onu da başa düşür ki, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməsə, daha ağır vəziyyətlə üzləşəcək.

Görünür, “miatsum” xəstəliyi hayların beynində elə dərin köklər buraxıb ki, normal, praqmatik, sağlam düşüncəli addım atmaq qabiliyyətlərini itiriblər. Əgər belədirsə, yəni sağalmaq perspektivləri yoxdursa, deməli, hələ uzun müddət ətraf aləmdən təcrid olunmuş durumda qalacaqlar. Bu ölkə, faktiki olaraq, özü özünü dalana dirəyib. Onlar bunun acı nəticələrini həyatlarının bütün sahələrində hiss edəcəklər. Bunu yaxşı anlamalı və nə qədər ki, gec deyil, yanlış yoldan geri çəkilməli, yaxın tarixin dərslərindən düzgün nəticə çıxarmalıdırlar”.

Azərbaycan 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində erməni separatizminin, vandalizminin iç üzünü açıb dünyaya göstərdi. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Qarabağda “etnik təmizləmə faktı”nın araşdırılması ilə bağlı iddiasını rədd etdi. Bu ədalətli qərar keçən əsrin 80-ci illərinin sonlarından etibarən baş qaldırmış erməni separatizminin, Xocalı, Başlıbel, Boğanıs-Ayrım soyqırımlarını törətmiş faşizmin ifşası, eyni zamanda, “miatsum” ideyasının beynəlxalq müstəvidə dəfn edilməsi demək oldu. İndi İrəvan, kənardan uzadılan dirijor çubuğunun göstərişi ilə bu avantürist ideyanı diriltməyə, yenidən gündəmə gətirməyə çalışır. Şübhəsiz, bu deviz altında qlobal forum keçirmək planı məhz verilən bu təlimatın nəticəsidir.

İmran BƏDİRXANLI
XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr