AZ

Avstraliya parlamenti yeniyetmələr üçün sosial şəbəkələrə qadağa qoyulmasını təsdiqləyib

Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası hökumətin 16 yaşdan kiçik insanlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı təklif etdiyi qanun layihəsini təsdiqləyib.

“EDnews” xəbər verir ki, qanun layihəsinə 115 deputatdan 102-si “hə” deyib.

Hökumətin təklifinin əleyhinə səs verən 13 parlamentariyə “Yaşıllar” partiyasının bütün fraksiyası və bir sıra müstəqil deputatlar daxildir.

Qanun layihəsinin yaxın günlərdə yuxarı palataya təqdim ediləcəyi və burada da senatorların əksəriyyətinin dəstəyini alacağı gözlənilir.

Qanunu parlamentarilərə şəxsən təqdim edən Avstraliyanın Baş naziri Entoni Albaneze həftənin sonuna qədər onun qeyd-şərtsiz qəbul ediləcəyinə ümidvardır.

Qeyd edək ki, Avstraliya hökuməti sosial media istifadəçilərinin yaşını məhdudlaşdıran qanun layihəsi təklif edib. Sənədə uyğun olaraq, internet təhlükəsizliyini tənzimləyən qüvvədə olan qanunvericiliyə 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrə daxil olmasını qadağan edən dəyişikliklər ediləcək.

Yeni qaydaların icrasına nəzarət mexanizmlərini işləyib hazırladıqdan sonra ölkə hakimiyyəti texnologiya şirkətlərindən və sosial şəbəkə administrasiyalarından yeniyetmələrin Snapchat, TikTok, Instagram, Reddit və X-də hesab və səhifə yarada bilməməsi üçün tədbirlər görməyi tələb edəcək.

Bu tələblərin pozulmasına görə rəqəmsal platformaları 32,2 milyon dollar cərimə gözləyir.

Seçilən
1
2
ednews.net

3Mənbələr