AZ

"Azərbaycanın Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaması Ermənistanı narahat edir" - Əli Zülfüqaroğlu

“İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir. Səfir Ermənistan mətbuatında yayımlanan müsahibələrində tez-tez Bakıya qarşı sərt və əsassız ittihamlar səsləndirir. Ötən gün isə Dekotini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb. Səfirin bununla Ermənistan ərazisinin Qərbi Azərbaycan adlandırılmasına etiraz etdiyi bildirilib”.

“Sülh danışıqları prosesində Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtması məsələsi var və Ermənistan bunu heç bir halda qəbul etmək istəmir. Lakin buna rəğmən Ermənistan şərt olaraq irəli sürür ki, Qarabağdan öz xoşları ilə köçən ermənilər qeyd şərtsiz geri qayıtsınlar. Eyni zamanda çalışır ki, burada hər hansı beynəlxalq nəzarət təmin olunsun. Azərbaycanın şərti ondan ibarətdir ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin və hüquqlarına hörmətlə yanaşsın.Amma bundan fərqli olaraq Qərbi azərbaycanlılar Ermənistandan deportasiya olunub və zorla köçürülüblər. Bu baxımdan Azərbaycanın Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaması Ermənistanı narahat edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, bölgədə sülhün əldə olunmasını istəməyən bir sıra qüvvələr, xüsusilə Qərb dövlətləri və başda Fransa olmaqla bu məsələlərdə Ermənistanı təhrik edirlər ki, razılaşma olmasın.

“Beləliklə də gərgin vəziyyət davam etsin. Nəticədə nə zamansa bundan istifadə edərək, sülh prosesinin ləng getməsi və əngəllənməsi ilə bölgədə qeyri-müəyyən vəziyyət davam etsin, eskalasiya riskləri mövcud olsun və Qərb öz maraqlarını təmin etmək üçün bölgədə varlıqlarını formalaşdırsınlar. İran da zaman-zaman Azərbaycanın güclənməsi və bölgədə Ermənistanla münasibətlərinin inkişafında maraqlı olmayıb. Xüsusilə Zəngəzur dəhlizi məsələsində biz görürük ki, İran maksimum çalışır ki, bu layihə alınmasın. Bununla da İranın Ermənistandan bir kart kimi Azərbaycana qarşı istifadəsi davam etsin. Halbuki bu məsələ, həmçinin İranın bu yanaşmaları ilk növbədə Ermənistan üçün nəticələr doğurur. Yəni Ermənistan müstəqil fəaliyyət və siyasət yürütmür. Üzərində həm Fransanın, həm də İranın təzyiqlərini hiss edir. Halbuki, bütün bunlar olmayacağı təqdirdə Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, o zaman İran və eyni zamanda Qərb ölkələri və digər ölkələr Ermənistan üzərində təsirlərini itirə bilərlər. Ona görə də maksimum çalışırlar ki, bu problemlər davam etsin. Düşünürəm ki, bu açıqlamaları təsadüfi hesab etmək olmaz”.

Seçilən
11
aznews.az

1Mənbələr