AZ

"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Şükürzadə Kamran Etibar oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını elan edib. Məlum olub ki, Kamran Şükürzadə həyətdə gizlətdiyi mətbəxt bıçağı ilə evdə iş görən anası Aybəniz Şükürovaya bir neçə bıçaq zərbəsi vuraraq qəsdən həyatdan məhrum edib. Kamran Şükürzadə törətdiyi hadisənin tam olaraq yadında qalmadığını bildirib: "Həyətdə iş görürdüm, səhv elədi. Həmin evdə mən, ölən şəxs və bir nəfər yaşayırdı. İnsan beyninə vurursa, biri yaxşı, biri pis olur. Anamın mənə dedikləri deyiləsi deyil. Anam dedi mən əxlaqsızlıq eləmişəm, sizdə qeyrətsizsiz. İttihamda yazılıb ki, orda şahid olub. Ancaq orda bir sərçələr olub, bir də ağaclar. Bir də qurban olduğum Allah şahid olub.  Arada  düşmənçilik var idi. O belə danışandan sonra elə düz elədim vurdum.

Hadisədən sonra əynimi dəyişib çıxıb getdim polis idarəsinə. Kaş olmayaydı, amma dediyi sözlərlə düz gəlmirdi".

Sonra zərərçəkmiş şəxsin hüquqi varisi Aytəkin Həsənova ifadə verərək bildirdi ki, hadisəni saat 10-na işləmiş bilmişəm. Zəng elədilər ki, qapınızda təcili yardim maşını var. Hadisədən əvvəl anamla qardaşım arasında ancaq işləməməyinə görə mübahisələr olub. İşləmədiyinə görə ailəsi də dağıldı. Kamrandan şikayətçiyəm".

Məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə bağlı 18 dekabr tarixinə kimi təxirə salınıb. 

Xatırladaq ki, bu il iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası  Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Seymur Əli

Seçilən
18
49
unikal.az

10Mənbələr