AZ

Dövlət niyə sənət adamına qayğı göstərməlidir?


Tez-tez belə bir sual verirlər ki, dövlət nə üçün sənətə və sənət adamına qayğı göstərməlidir. Sənət adamının, tutalım, bir aşpazdan nəyi artıqdır?

XVIII əsrə qədər bütün yaradıcı sahələr sənət adı altında birləşdirilmişdi. Xarrat da sənətkar idi, Bethoven də. XVIII əsrdə sənət iki yerə ayrıldı: İncəsənət və peşə. Xarrat oldu usta, Bethoven oldu sənətkar.

Sənətkar estetik ehtiyacları ödəməliydi, usta praktik ehtiyacları.

Aqşin Yenisey,
Yazıçı, Şair

Ustaya hamının ehtiyacı vardı, çünki onun yaratdığı dolab hər evə lazım idi.
Ona görə də ustanın acından ölmək təhlükəsi yox idi.

Estetik ehtiyac isə qıt ehtiyacdır. Heç bir estetik ehtiyac hiss etmədən də bəy balası kimi yaşayan milyonlarla insan var yer üzündə. Hətta bizim kimi dünya görməmiş ölkələrdə estetik ehtiyacdan nə qədər çox məhrumsansa, bir o qədər xoşbəxt yaşaya bilirsən.

XVIII əsrə qədər yaradıcı adamlar həm sənətkar, həm usta olmağa məcbur idilər. Məsələn, Da Vinçi həm "Mono Liza"nı çəkirdi, həm qaldırıcı qurğu icad edirdi. Həm estetik idi, həm praktik.

250 ildir ki, estetik olanla praktik olan bir-birindən ayrılıb. Bu gün hər ikisinin öz bazarı var. Məsələn, praktik olmaq istəyən şair gedib toylarda meyxana deməlidir. Necə ki, çox istedadlı şairlər var meyxanaçıların arasında.
Mədəniyyət daha çox estetik dəyərlər üzərində dayandığına görə dövlətlə cəmiyyət eyni ağılda olmamlıdır. Cəmiyyət, yuxarıda dediyim kimi, heç bir estetik ehtiyac hiss etmədən də yaşaya bilər, necə ki, yaşayır.

Amma dövlət estetik ehtiyacı olmasa belə, onu özündə və cəmiyyətində yaratmalıdır. Çünki insanı meymundan ayıran dəyər estetikadır. Praktik olaraq insan meymundan ayırlmayıb.

Estetik ehtiyac hiss etməyən bir adam zənn etməsin ki, insan həyatı yaşayır.
Dövlət ona görə estetik ehtiyacı yaradana və qoruyana qayğı göstərməlidir ki, vətəndaşlar təkamülün arabasını çevirib geriyə sürməsinlər.

Təkcə Nizami Gəncəvini yox zənn etsək, Azərbaycan mədəniyyətində Kür-Araz ovalığı boyda bir boşluq qalar.
Seçilən
19
1
bakupost.az

2Mənbələr