AZ

"Lion" bizdən üstündür, amma bizim beynəlxalq təcrübəmiz var

Azərbaycan “Qarabağ”ının baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin V turunda Fransa “Lion”una qarşı sabah Bakıda keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

“Görürəm ki, mətbuat konfransında Fransadan da qonaqlarımız var. Ölkəmizə xoş gəlmisiniz. Keyfiyyətli komanda ilə qarşılaşma gözləyirik. Rəqiblərin kifayət qədər fərdi güclü futbolçuları var. Bizim üçün vacib oyun. Sabah mümkün qədər diqqətli olmağa çalışacağıq, bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi yaxşı nəticə ilə sevindirək”, - deyə Qurbanov bildirib.

Komanda özünü necə hiss edir və Marko Vesoviç və Matheus Silva hazırda necədir?

Ümumilikdə komanda özünü yaxşı hiss edir. Adıçəkilən futbolçulara gəlincə, onların da vəziyyəti yaxşıdır. Onların start heyətdə yer alıb-almayacağına oyundan əvvəl qərar verəcəyik. Amma bu gün onların hazırlığından razıyam.

Artıq “Lion”un hansı heyətinə qarşı oynayacağınızı öyrənmisiniz?

Bununla maraqlandıq və onların oyunlarını izlədik. Sual doğuran bir-iki ad istisna olmaqla, demək olar ki, öz tərkibimiz haqda qərar vermişik.

Ən yaxşı dövrünü keçirməyən “Lion”un maliyyə durumu haqqında nə deyə bilərsiniz və bu, “Qarabağ”ın qələbə şanslarını nə dərəcədə artırır?

Qələbə qazanmağa hazırlaşırıq. Təcrübəmiz onu deməyə əsas verir ki, tez-tez belə dövrlərdən keçən böyük klublar üçün bu, heç bir maneə deyil. Belə klublar futbolçularını satmaqla bu problemi həll edə bilirlər. Oyuna belə prizmadan yanaşmağımız düzgün olmazdı. Sabah qələbə qazanacağımız təqdirdə bu, uğura kölgə sala, uğursuzluqda isə maddi sıxıntılı komandaya qalib gələ bilmədiyimizi deyə bilərlər. Bu yanlış yanaşmadır. “Lion” böyük klubdur və bu cür problemlər sadəcə söz-söhbətdir.

Belə komandaya qarşı oyun planında hər hansı dəyişiklik etmək fikrindəsiniz?

İstənilən rəqiblə qarşılaşmada həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Bu bizim silahımıza çevrilməlidir. Amma rəqibin öz oyununu nümayiş etdirməsinə də mane olmalıyıq. Hər kəsin ən yaxşı tərəfləri var. Hər matçda oyunu qurarkən nəzərə aldığımız bir və ya iki detal ola bilər. Amma biz öz oyunumuzu daha çox baxışımız əsasında qururuq.

Lyonu necə təəccübləndirəcəksiniz?

Rəqibim haqqında çox danışmağı sevmirəm. Oyunçularım bütün məlumatları alırlar. Əsas gücümüz həm hücumda, həm də müdafiədə kollektiv oyunumuzdur. “Lion” bizdən üstündür, böyük klubdur. Amma bizim beynəlxalq təcrübəmiz var, sabah bundan yararlanmağa çalışacağıq.

"Qarabağ" - "Lion" matçı noyabrın 28-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Seçilən
14
50
anspress.com

10Mənbələr