Bütün savaşlar atəşkəs və danışıqlarla baş çatır. Yaxın şərqdə də gərginliyin azalması istiqamətində addım atılıb. Belə ki, noyabrın 27-si Bakı vaxtı ilə saat 12:00-dan İsraillə Livan arasında atəşkəs rejimi qüvvəyə minib. İsrailin hərbi-siyasi kabineti atəşkəsə dair sazişi təsdiqləyib.
2023-cü il oktyabrın 8-də Livandakı “Hizbullah” siyasi-silahlı qruplaşma HƏMAS-ı dəstəklədiyini bildirərək İsrailə qarşı müharibə elan etmişdi.
Sazişə əsasən, 60 gün atəşkəs əldə edilməsi nəzərdə tutulub. Razılaşmaya görə, “Hizbullah” və Livandakı bütün silahlı qruplar İsrailə qarşı heç bir təcavüzkar addım atmayacaq; tərəflər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin əhəmiyyətini tanıdıqlarını bir daha açıqlayıb;
- bu saziş İsrail və Livanın özünümüdafiə hüququnu ləğv etmir; bu ölkənin cənubunda silah gəzdirmək və fəaliyyət göstərmək hüququna yalnız Livanın rəsmi təhlükəsizlik qüvvələri və silahlı qüvvələri sahib olacaq; Livanda istənilən silah satışı, təchizatı və ya istehsalı hökumətin tam nəzarəti altında olmalıdır; bütün qanunsuz silah istehsal edən obyektlər söküləcək və qanunsuz silahlar müsadirə ediləcək; Livanın rəsmi təhlükəsizlik qüvvələri bütün sərhədlər boyunca və cənub bölgələrində yerləşdiriləcək.
Sazişə əsasən, İsrail Livanın cənubundan qoşunlarını çıxarmalı, sərhəd bölgələrinə nəzarəti Livan hökumət ordusuna verməli, “Hizbullah” isə ağır silahlarını Litani çayının şimalından çıxarmalıdır. Razılaşmaya əsasən, bütün silahlı qanunsuz qüvvələr 60 gün ərzində tərk-silah olunmalıdır.
Qeyd etdiyimiz kimi, bu saziş BMT TŞ-nin 1701 saylı qətnaməsi əsasında hazırlanıb. Həmin sənəd isə 2006-cı il avqustun 11-də Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunmuşdu. Qətnamə 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoymağı nəzərdə tuturdu.
Sənəddə İsrail və “Hizbullah” arasında hərbi əməliyyatların tam dayandırılması, İsrail qoşunlarının Livandan çıxarılması, Livanın cənubuna Livan və UNIFIL qüvvələrinin (United Nations Interim Force In Lebanon - BMT-nin Livanda yerləşdirilən sülhməramlı qüvvələri) yerləşdirilməsi, “Hizbullah” da daxil olmaqla silahlı qrupların tərk-silah edilməsi tələb olunurdu. O, Livanın tam hökumət nəzarətini həyata keçirməsinin vacibliyini vurğulayır və oğurlanmış İsrail əsgərlərini qeyd-şərtsiz azad etmək üçün səy göstərməyə çağırırdı.
“Hizbullah”ın ovaxtkı lideri Həsən Nəsrullah atəşkəs rejiminə əməl edəcəklərini bildirmişdi. Ancaq 2024-cü ilədək bu qətnaməyə əməl edilməyib. “Hizbullah” Livanın cənubunda qalmaqla davamlı olaraq İsrailin şimal bölgələrində atəşkəsi pozub. Nəticədə İsraillə Livan arasında sərhədlərin delimitasiya və demarkasiyası baş tutmayıb.
18 ildən sonra BMT Təhlükəsizlik Şurasının məlum sənədinə müraciət edilməsi də bunu təsdiqləyir. Başqa sözlə, İsraillə Livan arasında problemlər həll edilmədiyindən, “Hizbullah” hələ də dövlət içində dövlət rolunu oynadığından qətnamə kağız parçası olub.
Tərəflər arasında əsas vasitəçi rolunu oynayan ABŞ Prezidenti Cozef Bayden bildirib ki, “Hizbullah” sazişi pozarsa, İsrail özünümüdafiə hüququndan istifadə edəcək, eləcə də o, Livanın suverenliyinə hörmət etməli və yenidən başlamaq üçün ona imkan verməlidir.
Qəzza zolağında HƏMAS-ın atacağı addımlara da toxunan Cozef Bayden qeyd edib ki, onların yeganə yolu münaqişəni dayandırmaqdır: “Yaxın günlərdə Misir, Türkiyə və Qətər Qəzzada atəşkəsin əldə edilməsinə dair danışıqları başlatmağa cəhd göstərəcəklər”.
ABŞ Prezidenti ilə Livanın Baş naziri Nəcib Mikati arasında telefon danışığı olub. Hökumət başçısı atəşkəs əldə edilməsinə görə Vaşinqtona təşəkkür edib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Livanla atəşkəsə razılıq versələr də, müharibənin girovlar qaytarılandan sonra bitəcəyini vurğulayıb. Yəhudi dövlətinin hökumət başçısı bildirib ki, əsas hədəfi İranın nüvə silahı əldə etməsinə imkan verməmək, onunla mübarizə olacaq.
Bir il 49 gün davam etmiş müharibədən kim nə qazandı?
Əvvəlcə İsrailin əldə etdiklərinə nəzər salaq:
- “Hizbullah”ın bütün baxımlardan lideri, təşkilata bərabər nüfuzu olan Həsən Nəsrullahı öldürməklə bu siyasi-silahlı qruplaşmanı azından siyasi-mənəvi baxımdan zəiflədib, təşkilatda ruh düşkünlüyünün yaramasına nail olub;
- İsrail regionda güclü kəşfiyyata, hərbi texnika və avadanlığa sahib olduğunu nümayiş etdirib;
- “Hizbullah”la HƏMAS-ı bir-birindən ayırıb;
- 18 il əvvəl qəbul edilmiş sənədin yenidən gündəliyə çıxmasın nail olub;
- “Hizbullah”ın tərk-silahının qəbul edilməsi və İsrailin şimalından çıxması ilə İranın təsirinin azalmasına nail olub;
- “Hizbullah”ın dişsiz qruplaşmaya çevrilməsi ehtimalı artıb;
- Ərəb dövlətləri ilə qarşılıqlı anlaşma istiqamətində yeni şərait yaradıb;
- Livanla sərhədlərin müəyyənləşməsi üçün yeni imkan qazanıb;
- İsrail bununla Suriya və İraqdakı İranın “müqavimət hərəkatı” adlandırdığı qruplara da ismarış verib və s.
Benyemin Netaniyahu “Hizbullah”ı onillərlə geri atdıqlarını vurğulayaraq Suriyadakı rejimin başçısı Bəşşar Əsədə “odla oynamamağı” məsləhət görüb.
Bəs Livanın uğuru nə oldu?
Livanın iqtisadiyyat və ticarət naziri Emin Salam bildirib ki, ölkəsinin toparlanması 3-5 il sürəcək. Onun sözlərinə görə, bu müharibə Livanı 10 il geri salıb. Nazir qeyd edib ki, bu savaş ölkəsinə 15-20 milyard dollar ziyan vurub. Emin Salam ABŞ, Avropa İttifaqı və ərəb ölkələrinin iştirakı ilə beynəlxalq yenidənqurma fondunun qurulacağını ehtimal etdiyini vurğulayıb.
Livanın ən böyük uğuru ərazisində müharibənin bitməsidir. Bundan başqa;
- İrana yaxın Hizbullahın nəzarətində olan ərazilər tam olaraq rəsmi Beyrutun nəzarətinə keçəcək;
- İsraillə sərhədlərin müəyyənləşməsinə ümidlər artacaq;
- Livan hökumətinin nüfuzu artacaq;
- Ölkədə yenidənqruluma prosesi başlayacaq;
- Qaçqınları geri dönəcək;
- İsrail tərəfdən ölkənin təhlükəsizliyi və suverenliyinə təhdidlər azalacaq;
- İran hakimiyyətinin Livanın daxili işinə müdaxiləsi zəifləyəcək və s.
ABŞ isə bununla Yaxın Şərqdə nüfuzunu və gücünü qoruya bildi.
Heç şübhəsiz, atəşkəs aparıcı güclərin razılığının nəticəsidir. Çünki “Hizbullah” kimi silahlı qruplaşmanın arxasında ABŞ duran İsrailə qarşı vuruşması ciddi sayılmır. Odur ki, atəşkəs məsələsində Çin və Rusiyanın da payı olduğu istisna edilmir.
Böyük Britaniya da regionda ənənəvi nüfuzunu bir daha qorudu.
Türkiyə və ərəb dövlətləri bu savaşda iştirak etmədi. Onlar sülhə, danışıqlara üstünük verdiklərini bildirdilər. Odur ki, bu mövqe regionda təhlükəsizliyin təmin olunması üçün başlıca yol olaraq qalır.
HƏMAS da bir ildən artıq davam edən müharibədə çox böyük itki verib. Liderlərini, silah və hərbi texnikalarını, nüfuzlarını, nəzarəti altında olan əraziləri itirməklə məğlub duruma düşüb. Onun da perspektivdə bu atəşkəsə oxşar anlaşmaya razılıq verəcəyi ehtimalı az deyil. Çünki meydan daralıb. İsrailə qarşı müharibədə “Hizbullah”ın səhnədən çıxması HƏMAS-ı nəzəri cəhətdən təklənməsi ilə nəticələnib.
İran nə qazandı?
Belə çıxır Tehran hakimiyyəti proksi qüvvələri buraxmağa üstünlük verəcək. Çünki Qərblə anlaşmanın başlıca yolu buradan keçir. Əks halda, onunla iqtisadi-ticari və maliyyə sahələrində əməkdaşlıq edilməyəcək. Prezident Məsud Pezeşkianın “Qərblə danışıqlara açığıq” ismarışının arxasında isə Yaxın şərqdə pozuculuq fəaliyyətdən imtina dura bilər.
Digər tərəfdən isə İran hakimiyyəti “Hizbullah”ın sıradan çıxarılması ilə Yaxın şərqdən çıxaraq diqqəti daxili problemlərin həllinə yönəldər. Bu isə bir sıra gözlənilməz hadisələrin önlənməsinə təkan verər.
Bu baxımdan, noyabrın 29-da Avropa “üçlüyü” – Böyük Britaniya, Almaniya və Fransa ilə İranın nümayəndə heyəti arasında keçiriləcək görüşdə bəzi məsələlərə aydınlıq gələr.
Baş verən bu kimi hadisələr Yaxın şərqə sülh, əmin-amanlıq və firavanlıq gəlməsi üçün ilk hadisə də sayıla bilər. Ancaq bütün bunlar Fələstin dövlətinin İsrail, ABŞ, Böyük Britaniya tərəfindən tanınması ilə nəticələnərsə, həm insanlıq, həm də beynəlxalq ictimaiyyət qalib olar...(Report)