AZ

Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?

Ermənistan baş naziri Nikol Paşinyan özünü nə qədər qərbçi kimi göstərməyə çalışsa da, bu yöndə Vaşinqton və Brüsseldən bir sıra mühüm siyasi-iqtisadi güzəştlər qoparsa da (bu ilin 6 aprelində Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan üçlü sammiti, ABŞ-la birgə hərbi təlimlər, Azərbaycana sərhədə AB-nin casus missiyasının gətirilməsi, Ermənistan Müdafiə Nazirliyində Pentaqon təlimatçılarının oturması, Moskva ilə KTMT-dən imtina oyunları), onu qərbə tam sadiq saymaq da mümkünsüz.
 
Əsas da o səbəbə ki, kapitulyant ölkə bu gün də Rusiyanın iqtisadi-energetik asılılığında və təsir zonasında qalmaqda davam edir. Onun İran və Türkiyə ilə sərhədlərini rus hərbçilər qoruyur, Gümrü hərbi bazasını ölkədən çıxarılma kimi təhlükə gözləmir. Paşinyan hökuməti üstəlik, Rusiyaya Qərb sanksiyalarından yayınmaq üçün əlindən gələn köməyi edir – ona üçüncü ölkə adı ilə altdan-altdan qadağan edilmiş strateji məhsullar göndərir. Təbii ki, öz mənfəəti qarşılığında.
 
Odur ki, hələ dəqiq deyıl, Nikol Vovayeviç Qərbin (ABŞ-ın) adamıdır, yoxsa Rusiyanın? Bu yerdə xatırladaq ki, az öncə Paşinyan öz komandasında bir sıra kadr dəyişiklikləri edib. Onların arasında daxili işlər naziri postuna sırf qərbçi birinin – Arpine Sərksiyanı gətirilməsi xüsusi diqqət çəkib...
 
Məhz son baş verənlərin fonunda Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayaraq, Vaşinqtonun Ermənistanda qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün siyasi “təşviqat”a başladığını” bildirib. “Qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasını təmin etmək üçün onların siyasi təbliğatına artıq başlanılıb. Bu “demokratiyanın barışmaz tərəfdarlarına” qonşu Gürcüstan hökumətindən nümunə götürüb obyektiv milli maraqlara, erməni xalqının adət-ənənələrə və dəyərlərinə üstünlük vermək istəyəcək indiki (Paşinyan – red.) hökumətinə əngəl olmaq tapşırığı verilir”, - məlumatda qeyd olunur.
 
Söhbət Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika Naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası”, Levon Şirinyanın “Xristian Demokratik Partiyası” partiyalarından gedir. İddia edilir ki, MDB məkanında ən böyük səfirliyi olan Birləşmiş Ştatlar bu yolla Ermənistanı özünə tamamilə tabe etmək niyyətindədir. Qurumun direktoru Sergey Narışkin bu xüsusda bildirib ki, Qərb ölkələri “sakitləşməyəcək və MDB ölkələrinin ərazisində xaos yaratmağa çalışacaq”...
 
Şübhəsiz ki, Moskva MDB məkanında sülh və sabitlik üçün əldən getmir. Rusiyanı da yaxşı tanıyırıq. Yuxarıdakı mesaj və açıqlamalar isə ən əvvəl Kremlin Qafqazda Ukrayna müharibəsi səbəbindən itirilmiş mövqeləri qaytarmaq, ABŞ-ı regiona buraxmamaq istəyindən qaynaqlanır. Buna da şübhə yox ki, ABŞ və Rusiyanın Ermənistan uğrunda son döyüşü Donald Tramp dövrünə, lap dəqiqi, Ukrayna müharibəsindən dərhal sonraya təsadüf edəcək.
 
Rəsmi Moskvanın İrəvana cəzası nə olacaq, söyləmək çətindir. Hər necə olmasa, Nikol Paşinyan hökuməti iş başında olduğu illərdə “Rusiyanın quyruğunu” elə də ağrılı şəkildə tapdamayıb. Sanksiyaya düşən malların aralıq ölkə kimi Rusiyaya çatdırılmasının özü elə Kremlə kifayət qədər böyük yaxşılıqdır. Rusiya hərbi bazaları da ki, öz yerində qalır.
 
Başqa yandan, Tramp administrasiyasının Güney Qafqaza maraq göstərməyəcəyi, diqqəti daha çox Çinə, İrana ayıracağı haqda ehtimallar mövcuddur. Bunun da bölgəmiz və Azərbaycan üçün nə dərəcədə yaxşı və ya pis olacağı məsələsi var. Çünki Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkınin dünənki müsahibəsindən bir daha qənaət hasil oldu ki, Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı deyil. Tərəflərə “tələsməməyi” tövsiyə edir. Ya da sənədin yalnız özünün iştirakı (oxu: şərtləri ilə - red.) imzalanmasını məqbul sayır.
 
Bu şərtlər Azərbaycanın köklü maraqları ilə üst-ütə düşməyə də bilər... /Musavat.com/
 
Seçilən
19
2
moderator.az

10Mənbələr