AZ

İqlim diplomatiyasında Azərbaycanın zəfəri - ŞƏRH

Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbulolunan sayılıb. Mahiyyətində qələbə, zəfər, sülh anlayışlarının ehtiva olunduğu hər proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün sevərək qoşulduğu və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir.


COP29 Azərbaycana olan böyük etimadın göstəricisi idi. İlk növbədə, elə bundan başlamaq lazımdır. Necə oldu ki, Azərbaycana COP29 kimi mötəbər, qlobal bir tədbirə ev sahibliyi etmək həvalə olundu?! Cavab, əlbəttə ki, sadə və aydındır: düşünülmüş siyasət və strategiya, düzgün taktika və diplomatiyamızın bir sıra digər aspektləri. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. O qeyd edib ki, Azərbaycan COP29-un - bu böyük tədbirin öhdəsindən gəlmək üçün uğurlu addımlar atdı.

“Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmi Azərbaycanın mənəvi simasını uğurla xarakterizə edən bir məqam idi. Dünyanın xilası, bəşəriyyətin nicatı, sağlam dünya, kainatla bağlı düşüncələr yönündə çalışmalar var ikən, ölkəmiz bir də Qərbin qarayaxma kampaniyaları ilə üzləşdi. Gözlənilən idi. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamı rahat həzm edilə bilməzdi. Azərbaycan sübut etdi ki, o, eyni anda heç nəyə məhəl qoymadan öz yolu ilə irəliləyə, qarşısındakı böyük məqsədə doğru hədəflənə bilər. Məgər 44 günlük haqq savaşımızda belə olmadımı? Hər tərəfdən edilən hücumlara rəğmən qarşındakı məqsəddən dönməmək əzmi! Bu mənada, COP29 həm də bizim hekayəmizin davamıdır. Bu iqlim konfransı ölkəmizin birmənalı şəkildə planetar səviyyədə nigaranlığını sərgiləyən platforma oldu. Azərbaycanın lokal olaraq iqlim problemləri mövcud idi. Məsələn, biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Amma ölkəmiz lokal göstəricilərimizdən də qlobal problemlərin həllinə yardımçı olmaq üçün yararlanmağı təklif etdi. COP29-a hazırlığın ilkin mərhələlərində davamlı şəkildə bildirilirdi ki, zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir. Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur. Yaxud qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir”, - deyə deputat əlavə edib.


O vurğulayıb ki, Bakı COP-u multilateralizm üçün həlledici sınaq oldu. Amma bu sınaq daha çox Azərbaycanın özünə gərək oldu. Bütün mənfi təsirləri adlamaq, Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına baş qoşmadan irəliləmək, iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyadan vaz keçməmək, daha da güclənən Azərbaycan olaraq özünü tarix və bəşəriyyət qarşısında yenidən sübut etmək üçün COP29 mənəvi varlığımızda önəmli bir missiya daşıyıcısına çevrildi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sübut etdi ki, missiya tamamlanıb.196 ölkədən 72 min insan, 80 dövlət başçısı - prezident, vitse-prezident, baş nazir olmaqla bütün dünyanın diqqəti Bakıya, COP29-a yönəldi və ölkə rəhbəri Bakıdan bütün Yer kürəsini salamladı: “Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”


COP29-un uğurlu nəticələrinin bu günün reallığında və sabahın aydınlığında daha parlaq çalarlarla görünəcəyini vurğulayan E.Akimova bildirib ki, bu mötəbər proseslər nəticəsində COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası, Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi. Bu mənada Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi.


“COP29-da Azərbaycanın üzərinə düşən missiya dünyada kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bu qərarın hasilə gəlməsinə ancaq beynəlxalq arenada uğurlu diplomatiya sərgiləyərək, güclü səriştə və əzm meydana qoyaraq müvəffəq olmaq mümkün idi ki, Azərbaycan bunu bacardı. Bu, iqlim diplomatiyasında Azərbaycanın zəfəridir”, - deyə müsahibimiz vurğulayıb.

Seçilən
3
4
ekologiya.az

5Mənbələr