AZ

Türk kinosunun AZƏRBAYCANLI QƏHRƏMANI: “Çantasından rakısı və sarımsağı əskik olmazdı”

Mehmed İhsan Yücə “Kibar Feyzo”, “Bankir Bilo”, “Fatmagülün günahı nədir?”, “Fıratın Cinləri”… və bir çox “Yeşilçam” əfsanələrində rol alıb. Onun 150-dən çox filmdə imzası var.

Elazığ Dərnəklər Federasiyası (ELFED) tərəfindən nəşr olunan Türkiyə Cümuhuriyyətinin 100-cü ildönümündə iz qoymuş 100 elazığlı adlı kitabda “Yeşilçam” ustası Yücənin naməlum həyat hekayəsi ortaya çıxıb.

Dağıstandan köç

İhsan Yücənin ailəsi Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasındandır. Onun valideynləri Dərbənddən köç etmişdi. Atası Azərbaycn türkü, anası isə ləzgi idi. Ailə 1917-ci ildə Vladimir İliç Leninin başlatdığı bolşevik inqilabı nəticəsində yaranan xaosdan təsirlənərək Dağıstandan Batumiyə, oradan da Türkiyəyə köçüb. Dövlətin göstərişi ilə Elazığda yerləşdiriliblər.

İhsan bəyin atası Cəbrayıl bəy Dağıstanın imkanlı adamlarından olub. O, qızıl alveri və zərgərlik məmulatı ilə məşğul olub. Mühacirət səbəbindən sərvəti yoxa çıxsa da, Elazığda ailəsini dolandırmaq üçün özünü kifayət qədər toparlaya bilib.

Çiçək xəstəliyi

23 yanvar 1929-cu il çərşənbə günü Cəbrayıl bəylə həyat yoldaşı Əfruzə xanımın bir oğlu dünyaya gəlir. Adını Mehmed İhsan qoyurlar. Ailə olduqca böyükdür. Doqquz uşaq, bir ana, bir ata, cəmi 11 nəfər…

O vaxtlar Elazığda uşaqlar arasında çiçək xəstəliyi çox yayılmışdı. Mehmed İhsanın böyük qardaşı Mehmed Qalip bu xəstəliyə tutulur və ölür. İhsan və bacısı da tutulur. Cəbrayıl bəy yaralarını yandırır ki, ölməsinlər. İhsanın sağ gicgahındakı yanıq izi o ağrılı günlərin ömürlük xatirəsi olaraq qalır…

Məktəbdən sonra boyaçılıq

Cəbrayıl bəy ailəsini dolandırmaq üçün Odunluq meydanındakı fermada gecə-gündüz işləyir, bir yandan da yarış atı yetişdirir. İhsan da böyüyüb, məktəbə başlayır. Məktəbdən sonra gah boyaçılıq, gah hambal kimi nə tapırsa, onu da edir.

Suriyanın sirri

İhsan 10-11 yaşında olanda atası Cəbrayıl bəy qəfil yox olur. Ailə üzvləri onun iki dostu ilə Suriyaya getdiyini eşidirlər. Səbəbini heç kim bilmir… Üç il ondan xəbər olmur. Ailə çox çətin günlər yaşayır… Əfruzə xanım dolanmaq üçün əlində olan hər şeyi satmağa başlayır. Üç ildən sonra İhsan Suriyaya getməyə və atasını axtarmağa qərar verir. Ozaman onun cəmi 12-13 yaşı var idi. Nə ünvan, nə məktub, nə səs, nə də iz bilmədən yola çıxır.

O günlərdə atası ilə getdiyi iki dostdan biri Elazığa qayıdır. Amma keçirdiyi insult nəticəsində lal olur. Ailə birtəhər ondan öyrənir ki, digər dostları ölüb, amma Cəbrayıl bəy sağdır. Bu məlumat İhsanı motivasiya edir. O, karvanla Kilisə çatır. Kilisdə qaçaqmalçılarla müqavilə bağlayır və Suriyaya gedir. Günlərlə Suriyada atasını axtarır. Təbii ki, tapa bilmir və Elazığa qayıdır. Sonra xəbər gəlir ki, Cəbrayıl bəy Hatayda olub, orada infarkt keçirib. İhsan dərhal oraya gedib atasını tapır və onu doğma şəhərinə qaytarır. Cəbrayıl bəy Suriyaya niyə getdiyini, üç il orada nə etdiyini heç vaxt izah etmir…

İllər sonra İhsan Yücənin rejissoru oluğu “Körpə” (1979) filmi sanki onun həyatından izləri özündə əks etdirir.

Elazığdakı bu çətin illər İhsana həyatı boyu davam edəcək səbir və iradə verir. İbtidai və orta məktəbi burada bitirir. Məktəbdə tamaşalara gedir, səhnəyə çıxır, şeirlər söyləyir. Hələ fərqində olmasa belə, bura onun karyerasının toxumlarını səpdiyi yerə çevrilir.

Elazığdan İzmirə…

1944-cü ildə pnevmoniyaya tutulmuş böyük bacısı Belkısı müalicə üçün İzmirə aparır. Təəssüf ki, Belkısa əlac tapılmır və o, ölür. 1945-ci ildə əvvəlcə ata, sonra uşaqlar bir-bir buranı tərk edib İzmirə yerləşirlər…

İhsan Yücə İzmir Atatürk Liseyini bitirir. Ayaqqabı cilalama, ağartma, tütün, əncir və üzüm emalı ilə məşğul olur. Dokuz Eylül Universitetinin İqtisadiyyat və Ticarət Elmləri Akademiyasına daxil olur, iki il oxuyur, lakin həyat şəraitinə görə onu bitirə bilmir. O, mühasib işləyir, rəssamlıqla məşğul olur, güləş və boksla maraqlanır. Bir kişini xəstəxanalıq etdikdən sonra o işləri də buraxır. Həvəskar teatr tamaşaları üçün afişalar hazırlayır. Nəhayət, orada bir teatr qrupuna qoşulur. 1961-ci ilə qədər teatrla məşğul olmağa davam edir və müxtəlif tamaşalarda rol alır. 1961-ci ildə peşəkar Oraloğlu Teatrına qoşulur. 1968-ci ildə üç dostu ilə birlikdə qurduğu Ankara Dram Teatrında diqqətəlayiq işlər görür və nəhayət, 1971-ci ildə İstanbulda məskunlaşır…

Qızı üçün “Yeşilçam”a keçir

Burada o, Türkiyənin aparıcı teatr aktyorları və kino xadimləri ilə sıx əlaqədə olur. Yavaş-yavaş özünü kino rejissorluğu və ssenari yazımında sınayır. Dirəklərarası Kabare Teatrı onu şöhrətə aparır. Özü kimi teatr aktyoru olan Zerrin Acunerlə evlənir. 1971-ci ildə qızları Aslı dünyaya gəlir. Bu hadisə İhsan Yücənin bütün diqqətini kinoya yönəltməsinə səbəb olur. Çünki teatrda pul və gələcək yoxdur. Qızının gələcəyi üçün “Yeşilçam”a keçməyə qərar verir. Pul qazanacaq, qızı yaxşı məktəblərə göndərəcək, onu özündən asılı vəziyyətə salmayacaqdı.

Amma onun işi heç vaxt arzuladığı kimi getmir. Bütün şöhrətinə baxmayaraq, o, pul yığa bilmir və rahat həyatı olmur.

“Filim idi, gerçək oldu” filimlərini o yazdı

O, 150-dən çox filmdə zəhmət, qələm və tər töküb. “Kibar Feyzo”, “Kişi Gözəli” “Yazıq Bilo”, “Bankir Bilo”, “Şalvar davası”, “Qara çarşaflı gəlin”, “Yenilməzlər”, “Fatmagülün günahı nədir?”, “Bu həyatdır”, “Fıratın Cinləri”, “Derya Gülü”, “Dəlilər Palatası” və daha çox ssenarilər üzərində çalışır. Bəzilərini uzun müddətə, bəzilərini isə bir neçə gündə yazır…

İhsan çox bilikli, qələmi güclü, əməli zəka səviyyəsi yüksək olan insan olub. Gündə 10 qəzet alıb, cibində pulu olmayanda belə evə gətirən, sətir-sətir oxuyaraq təxəyyül üfüqlərini genişləndirən bir dərya olub. Zaman-zaman mediada “filim idi, gerçək oldu” tərzi xəbərlər oxuyuruq. Həmin filmlərin bir çoxunun ssenari müəllifi İhsan Yücədir. Hətta elə ssenarilər var ki, onları İhsan Yücəl yazıb, amma başqa birinin adı ilə çəkilib. O, ssenarilərini real həyata əsaslanaraq yazıb. Ona görə də onun filmləri “gerçəkdir”.

Dolanışıq dərdi üçün ssenrilər yazdı

İhsan Yücə İstanbula gəldikdən sonra Üsküdar Salacakda məskunlaşıb və həmişə orada yaşayıb. Dolanışıq problemi bütün həyatı boyu onu izləyib. Ssenarilərinin çoxunu sırf evinin kirayəsini və qızının məktəb haqlarını ödəmək üçün yazıb. Bu mübarizə də onun həyat yoldaşından ayrılmasına səbəb olur. Sağ qalmaq üçün zaman-zaman keyfiyyətdən güzəştə getməli olur. Ölənə qədər onunla birlikdə yaşayan qızı Aslı Yücə o günləri belə xatırlayır: “Mağaza və ya tərəvəzçiyə borcumuzu ödəmək üçün ayın sonunu gözləyirmiş kimi film gözləyirdik. Sifariş ssenarilərdən qazandıqlarımızla dolanırdıq. Biz xoşbəxt idik…”.

Birdəfəlik pul alanda əvvəlcə ərzaq, kirayə və sair borclarını ödəyir, sonra qızı ilə birlikdə əlində kamera və fotoaparatı ilə Anadolu turuna çıxır, məlumat və sənədlər toplayırdı. Ancaq ömrünün sonunda Üsküdar Çiçəkçidə təvazökar bir ev ala bilib.

Dərgahın daimi ziyarətçiləri: Münir Özkul, Tarık Akan…

İhsan Yücə söhbət adamı idi. Yazdığı ssenarilərə bir-birinin ardınca çəkdiyi “Maltepe” siqaretləri, axşamlar isə dostları ilə içdiyi şərab yoldaşlıq edirdi. Amma bu iki “yoldaşı” İhsanın sağlamlığını əlindən aldı və onu tezliklə bu dünyadan apardı. Salacakda yerləşən sadə meyxanələr, Çiçəkçi və İmrahorun çayxanaları, Salacak körpüsündəki balıqçı qayıqları onun vaxt keçirdiyi yerlər idi. Söhbət söhbəti açar, axşam süfrələrində mövzular bir-birini əvəz edərdi… Orada kimlər yox idi ki? Münir Özkul, Tarık Akan, Salih Kalyon, Tuncer Necmioğlu, Aytaç Arman, Vedat Günyol, Menderes Samancılar, Mazlum Çimen… Onun evindən də dostları əskik olmazdı. Bu səbəbdən həmin evi “dərgah” adlandırırdılar.

Çantasından rakısı və sarımsağı əksik olmazdı

“Hababam sinifi” filmlərində təmiz, çalışqan Ahmeti canlandıran aktyor Ahmet Sezerel onu belə təsvir edir: “İhsan abi möhtəşəm bir insan idi. Duruşu, gəzintisi, yaradıcılığı, aktyorluğu, qələm tutuşu – hər şeylə dörddörtlük idi… Tam bir çələbi idi. Yanında daima apardığı qara bir çantası vardı. O çantasından heç vaxt kiçik şüşə rakısı əskik olmazdı. Təzyiq xəstəsi olduğundan sarımsağı da çantasından əksik etmirdi. Təzyiqini onunla tərbiyə edirdi. Amma gündüzlər heç vaxt içməzdi… Güclü bir axşam içkisi həvəskarı idi, amma…”

Sosilatist, paylaşımçı, səxavətli…

Qızı, dostları, tanışlarının hamısı onun haqqında bir məsələni vurğulayır: İhsan Yücə könül adamı, bilikli və müdrik bir insan idi. Həmçinin hər kəsin onunla əlaqələndirdiyi bir başqa xüsusiyyət isə səxavət idi. Pullarını, çörəyini, sevgisini, evini, həyatını və ən əsası öz biliyini, təcrübəsini başqaları ilə paylaşan bir insan idi.

Çoxuşaqlı bir ailənin fərdləri arasında ideoloji fərqliliklər vardı: bəzi qardaşları sağ, bəziləri sol mövqeyində idi. İhsan Yücə sosialist düşüncəni seçdi. O, həyatının əsasına şərtsiz sevgini qoyan bir ideologiyanı qəbul etmişdi.

Elazığı heç unutmadı

İhsan Yücə 16 yaşında Elazığdan ayrılmasına baxmayaraq, bu şəhəri heç unutmadı. Fürsət düşdükcə oralara gedir, böyüdüyü küçələri, ayaqqabı boyadığı bazarları gəzir, hətta qızı Aslını da özü ilə apararaq uşaqlıq xatirələrini onunla bölüşürdü.

Qarpızlar gecə böyüyür

Usta ədəbiyyatçı Osman Şahin, “Fıratın Cinleri” filminin ssenarisi ilə bağlı İhsan Yücə ilə görüşərkən onunla ilk tanışlığını Elazığla bağlı bir xatirəni də daxil edərək belə izah edir: “İzmitdə Seka evlərində qalırdım. Mart ayının əvvəli idi. Hava olduqca soyuq idi. Evə gəldim, bir də gördüm ki, qapının qarşısında bir adam odun yarır. Təbii ki, təəccübləndim… Yaxınlaşdım, salamlaşdıq, tanış olduq. Mən evdə olmayanda gəlib, xanım da mənim hələ gəlmədiyimi deyib. İhsan isə bayırda gözləyərkən, yığılı bir çox odunu görüb. Evdəki insanların üşüdüyünü anlayıb və mən gələnə qədər bağdakı odunları yarmağa başlayıb. Belə gözəl qəlbli bir adam idi! Sonra içəri girdik, oturduq. Söhbətə başladıq. İhsanı o qədər çox sevdim ki, o gecə bizdə qaldı. Elə biri idi ki, onu görəndə dərhal isinərdiniz. Mənşəyini soruşdum, “Elazığlıyam” dedi. “Heç qarpız əkmisən?” “Biz onu həmişə çayların kənarında əkmişik” dedi. Mən onu bir az sınadım. Mən soruşmamışdan əvvəl “Qarpız gecələr böyüyür. Böyüdükcə “kırt” kimi bir səs eşidirsən”, – dedi. Mən heyran oldum! Çünki bunu heç kim bilmir. Yalnız Fərat və Dəclə kimi çay sahillərində yaşayanlar bilir. Bunu eşidən kimi ayağa qalxıb İhsanı qucaqladım. Belə bir insanı tapmaq asan deyil! Adam gecə qarpızın böyüdüyünü eşidib!”

Həmin səhnəni canlandırarkən vəfat etdi

14 may 1991-ci il… İhsan Yücə cəmi 62 yaşında olmasına baxmayaraq, çox yorulmuşdu. Son illərində bir beyinə qansızması və üç infakt keçirmişdi. Onun vəfat anını qızı Aslı Yücə belə təsvir edir: “O gün evdə ikimiz idik. 20 yaşım vardı… O zamanlar teatrla məşğul idim. Məşqdən çıxdım, evə gəldim. Atama ssenarini necə oynadığımızı izah edirdim. Mənim izah etdiyim səhnəni bir dönəm Çarli Çaplinin “Səhnə işıqları” filmində canlandırdığı səhnə ilə müqayisə etdi. Ayağa qalxıb o səhnəni mənə izah etməyə başladı. Gəncliyində Calveronu oynamışdı… “Qız döner döner… Calvero kimi” deyib, ürəyini tutdu və qarşımda yıxıldı. O anda, atamı itirdik…”

İhsan Yücə ilə Üsküdar-Doğancılar məscidində dəfn mərasimi təşkil edilir və Karacaahmet qəbiristanlığında torpağa tapşırılır. Qızı atasının vəfatından sonra xatirələrlə dolu o evdə yaşaya bilmir və iki gün ərzində başqa yerə köçür.

Seçilən
1
2
musavat.com

3Mənbələr