Gecə saatlarında Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır avtomobil qəzasının təfərrüatı məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.
Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə dörd yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə Elcanın və dayısının ad günü ilə bağlı təşkil edilən qonaqlığa gedib.
Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.
Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
***
13:00
Dünən Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, noyabrın 26-da saat 00:10-da rayonun Tanrıqulular kəndi ərazisində 1992-ci il təvəllüdlü Elvin Nəsibovun idarə etdiyi VAZ markalı avtomobil hasara çırpılıb.
Nəticədə sürücü, onun 4 yaşlı oğlu Elcan və 2003-cü il təvəllüdlü həyat yoldaşı Sənubər Nəsibova ağır xəsarətlər alıblar. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan 21 yaşlı Sənubərin həyatını xilas etmək mümkün olmayıb. Onun əri və övladının müalicəsi davam etdirilir.
İlkin məlumata görə, qəzanı törədən Elvin Nəsibovun sürücülük vəsiqəsi olmayıb və o, hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.