Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
1995-ci ildən keçirilməyə başlayan növbəti iqlim dəyişmələri konfransı tarixə döndü. Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir.
Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.
Ümumiyyətlə, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsi idi. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olmağı bacardı.
Azərbaycanın tarixi Qarabağ Zəfərini, Böyük Qayıdış hərəkatını, ən yüksək səviyyədə təşkil olunmuş COP29 yaşıl inkişaf platformasını qəbul edə, həzm edə bilməyən xarici ölkə dairələri öz qapılarını al günəşə qapadıqlarının fərqində olmayan bədbəxtlərdir. Azərbaycanda isə Prezident İlham Əliyevin COP29-un mötəbər xitabət kürsüsündən bütün dünya qarşısında bəyan etdiyi kimi günəşli günlərin sayı ən azı 250-dən çoxdur. Paytaxt Bakının isə bir adı da küləklər şəhəridir. Azərbaycan günəşli coğrafiyası, yaşıl enerjisi, yaşıl iqtisadiyyatı və ağıllı rəqəmsal inkişafı ilə yaşıl sivilizasiyanın astanasındadır.