AZ

Trampın hakimiyyət dövrü Azərbaycan-ABŞ münasibətlərində yeni başlanğıc ola bilər - Azər Qarayev

Donald Trampın yeni hakimiyyət dövrü Azərbaycan-ABŞ münasibətlərində yeni başlanğıc ola bilər.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"2024-cü ilin noyabr ayında ABŞ-də keçirilən prezident seçkilərinin nəticəsi olaraq, Donald Tramp yenidən prezident seçildi. Bu təkcə ABŞ üçün deyil, bütün dünya ölkələrinin xarici siyasəti üçün mühüm siyasi hadisədir. Bu xüsusda, Prezident İlham Əliyevin Donald Trampa zəng edərək onu təbrik etməsi, Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olmasının əlamətidir. Donald Trampın ikinci dəfə prezident seçilməsi, Azərbaycanla ABŞ arasındakı əlaqələrin yeni bir mərhələyə keçməsi üçün böyük bir fürsət yaradır və bu Azərbaycan-ABŞ münasibətlərində yeni başlanğıc ola bilər", - o bildirib.

Onun sözlərinə görə, Donald Trampın Respublikaçılar partiyasını təmsil etməsi də, öz növbəsində, mühüm rol oynayır. Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdiyi kimi, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub: "Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi".

Politoloq qeyd edib ki, bu səbəbdən də gözləmək olar ki, Donald Trampın prezidentliyi Azərbaycan-ABŞ münasibətlərində hazırkı ilə müqayisədə kəskin dəyişikliklərə səbəb olsun.

"Donald Trampın ilk prezidentliyi dövründə, Azərbaycan ilə ABŞ arasında qarşılıqlı münasibətlər mühüm inkişaf yolunda irəliləyib. Tramp administrasiyasının rəhbərliyi altında enerji sahəsində, xüsusilə Cənub Qaz Dəhlizi və digər strateji layihələrdə əməkdaşlıq daha da güclənib. ABŞ Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında dəstəyini artırıb. Azərbaycan həmçinin, Tramp dövründə ABŞ-nin Qafqazdakı ən mühüm tərəfdaşı olaraq öndə oldu. ABŞ və Azərbaycan arasında imzalanan bir sıra müqavilələr və strateji razılaşmalar bu münasibətləri daha da möhkəmləndirib", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Respublikaçılar partiyası uzun illərdir ki, Azərbaycanla münasibətlərin inkişafında mühüm rol oynayıb. Trampın prezidentliyi dövründə, Respublikaçılar partiyasının Azərbaycanın xarici siyasətinə verdiyi dəstək daha da gücləndi. Demokratlarla müqayisədə, Respublikaçılar, xüsusilə enerji təhlükəsizliyi və geosiyasi məsələlərdə Azərbaycanın strateji mövqeyini daha çox tanıdılar və bu, ABŞ ilə Azərbaycan arasında münasibətlərin güclənməsinə şərait yaratdı. Eyni zamanda, Respublikaçılar partiyasının Azərbaycanın Qafqaz və Orta Asiya regionundakı rolunu yüksək qiymətləndirdiyi də vurğulanmışdı.

"Prezident İlham Əliyevin Donald Trampı dərhal seçkilərdən sonra məktub göndərərək, bir müddət sonra isə zəng edərək təbrik etməsi, yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinin bir simvolu deyil, həm də Azərbaycan-ABŞ əlaqələrinin gələcəkdə daha da inkişaf etməsi üçün bir mesajdır. Gələcəkdə bu münasibətlərin daha da inkişafı, həm regionda, həm də dünya miqyasında daha geniş əməkdaşlığa yol açacaqdır", - o əlavə edib.

Seçilən
11
1
day.az

2Mənbələr