Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
“Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edə bilərlər.
İstifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə mobil əlavədə bir sıra funksiyalar yaradılıb. Belə ki, menyuda yerləşdirilən “Sürət testi” vasitəsilə istifadəçi “Ookla” şirkətinin rəsmi lisenziyalı “Speedtest” aləti vasitəsilə hazırda istifadə etdiyi internetin sürətini ölçə bilər. Mobil əlavə vasitəsilə mobil, yaxud sabit genişzolaqlı internetin sürətindən şikayət məktubu yazan şəxs müraciət formasının içərisində yerləşdirilən “İnternetin sürətini ölç” düyməsinə klikləməklə real sürəti haqqında internet provayderinə və tənzimləyici quruma müraciət edə bilər.
Eyni zamanda “E-Şikayət”in mobil əlavəsində vətəndaşlara səsli şikayət etmək imkanı da yaradılıb. Belə ki, müraciət zamanı istifadəçi “Şikayətin mətni” bölməsində yerləşdirilən xüsusi düyməni sıxmaqla öz şikayətini səsli şəkildə bildirə bilər. Müraciətçiyə seçim hüququnun verilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, vətəndaşın fikirlərini daha rahat bildiyi üsulda ifadə etməyə imkan yaradır.
İKTA xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artırmaq məqsədilə rəqəmsal transformasiyanı daha da genişləndirmək niyyətindədir və bu prosesdə istifadəçilərin rəyləri mühüm əhəmiyyət kəsb edir.
“E-Şikayət” vasitəsilə ümumilikdə “İnternet (GPON, ADSL, LTE və s.)”, “Telefon rabitəsi”, “Mobil rabitə”, “Mobil internet”, “Universal poçt rabitəsi xidmətləri” və “Sürətli poçt rabitəsi xidmətləri” üzrə şikayətlərin qəbulu mümkündür.
2023-cü ilin noyabrında istifadəyə verilən sistem üzərindən vətəndaşlar tərəfindən bu günə qədər ümumilikdə 3700-dən çox müraciət daxil olub.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.