AZ

Tələbələrin gizli təşkilatının məktubu Səməd Vurğuna necə çatdırıldı?.. 

“Təşkilatın əsas vəzifəsi müstəqil, milli Azərbaycan Respublikası qurmaq uğrunda mübarizə aparmaq, onu həyata keçirmək, daha dəqiqi respublikanı SSRİ-dən ayırmaq. Təşkilatın üzvlərinin məsuliyyətini və antisovet millətçi işimizə sədaqət üçün “And” qəbul etmişdik…”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              
 
 Filologiya.Tələbə: Gülhüseyn Abdullayev
 
(Əvvəli burada: )
 
Müstəntiq Gülhüseyn müəllimdən antisovet millətçi gənclər təşkilatındakı fəaliyyəti haqqında ifadəsini davam etdirməyi söyləyib. O, bu suala cavabında dördüncü iclasın H.Zeynalovun evində olduğunu, burada qrup üzvlərinin hamısının iştirak etdiyini, iclasın sədri Azər Ələsgərovun olduğunu bildirir. 
“...İclasda qrupumuza yeni üzvlərin daxil edilməsi müzakirə edildi. Bu məsələ ilə bağlı A.Ələsgərov, sonra isə İ.Rəhimov çıxış etdilər. O, təklif etdi ki, yeni üzvlər cəlb etməyi dayandıraq. Fikrini onunla əsaslandırdı ki, təşkilatın proqramı hazırlanmalıdır. Proqram və Nizamnamə tərtib edildikdən sonra yeni üzvləri hərtərəfli, uzunmüddətli yoxladıqdan sonra qəbul etmək olar. Bu məsələ ilə bağlı M.Abdullayev, H.Zeynalov, A.Vahidov, K.Əliyev, A.Ələsgərov və mən çıxış etdik... Sonra K.Əliyev çıxış edərək təklif etdi ki, bizim antisovet millətçi gənclər təşkilatının proqram layihəsi hazırlansın. Ona 15 gün vaxt verildi ki, bu müddətdə layihəni hazırlayıb məlumat versin. Sonra İ.Rəhimov çıxış edib təklif etdi ki, antisovet millətçi təşkilatın üzvləri üçün And hazırlansın.  Bu təklif hamı tərəfindən bəyənildi və İ.Rəhimova andın layihəsini hazırlamaq tapşırıldı. 
Təxminən 15 gündən sonra H.Zeynalovun evində növbəti yığıncaq oldu. Orada hamımız iştirak edirdik. İclası aparmaq üçün məni sədr seçmişdilər. İclasda iki məsələ qoyulmuşdu: 1. H.Zeynalovun proqram barədə məlumatı. 2. Andın qəbulu.
Birinci məsələ barədə çıxış edən H.Zeynalov bildirdi ki, bu müddət ərzində proqramı hazırlayıb başa çatdıra  bilməyib və ona görə əlavə vaxt verilməsini xahiş etdi... Hamı razılaşdı.   
   Ikinci məsələnin müzakirəsinə keçildi. Bu məsələ ilə bağlı İ.Rəhimov çıxış edib Andın mətnini söylədi. Onun məzmunu belə idi: Mən bu antisovet millətçi gənclər təşkilatına daxil olarkən öhdəmə götürürəm ki, təşkilatın bütün tapşırıqlarının dərhal, danışıqsız yerinə yetirəcək və lazım gəlsə həyatımı qurban verməkdən çəkinməyəcəyəm”.   
Biz hamımız onu bir nəfər kimi qəbul etdik. Mətn İ.Rəhimovda qaldı. Üç gündən sonra İ.Rəhimov mənimlə görüşəndə mətni H.Zeynalova verdiyini dedi”.
Bundan sonra müstəntiq Gülhüseyn müəllimdən Proqramın hansı iclasda qəbul edildiyini, orada təşkilatın hansı üzvlərinin iştirak etdiyini, kimin sədr seçildiyini soruşub. O, xatırlamadığını bildirir. Təqsirləndirilən qeyd edir ki, Proqramı hazırlamalı olan H.Zeynalov onu başa çatdırmadığını söyləyib və bununla da iclas qurtarıb.
Müstəntiqin növbəti sualı təşkilatın adı və onun hansı iclasda qəbul edilməsi ilə bağlı olub. O, təşkilatın adının “Ildırım” olduğunu, hansı iclasda qəbul edildiyini xatırlamadığını, ancaq təxminən 1944-cü ilin əvvəllərinin ola biləcəyini söyləyir. Təşkilatın adının kim tərəfindən təklif edildiyi sualına  isə “xatırlamıram”, yadımda deyil” cavabı verilir. 
Maraqlı suallardan biri bundan sonra olur. Müstəntiq Gülhüseyn müəllimdən Sovet Azərbaycanının böyük şairi Səməd Vurğuna göndərilmiş antisovet, millətçi məzmunlu  məktubun kim tərəfindən tərtib edildiyini soruşub.
  ”Cavab: Gizli antisovet məzmunlu məktubu İ.Rəhimov tərtib etdi, mən redaktə etdim. Sonra oz xətti ilə bunu ağ kağıza köçürdü. Sual: Bu gizli antisovet, millətçi məzmunlu  məktubu ünvana kimi çatdırdı? Cavab: Biz məktubu tərtib etdikdən sonra onu Səməd Vurğunun yaşadığı ünvana aparıb onu həyətə baxana verdik” .
Bu şəxsin ad və soyadı soruşulanda isə təqsirləndirilən bilmədiyini söyləyir.        Müstəntiqin suallarından biri bu məktubun kimin evində hazırlanması idi.
  “Cavab: Məktubun qaralamasını İ.Rəhimov öz evində hazırlayaraq bizə gətirdi və bizim evdə onun iştirakı ilə redaktə etdim və o, üzünü köçürdü”.
Suala cavab olaraq o, həmin dövrdə Böyük Qala küçəsi 34-də yaşadığını, göndərilənə qədər məktubun məzmunu ilə təşkilatın üzvlərinin heç birinin xəbəri olmadığını, “yalnız məktub ünvana çatdırıldıqdan sonra məlumalandırdıq” deyə cavab verib.
Müstəntiq Gülhüseyn müəllimdən “Təşkilat üzvlərinə bu antisovet millətçi məzmunlu məktub haqqında harada və nə vaxt məlumat verdiniz?” deyə soruşur.  
“Cavab: Gizli məktubun məzmunu haqqındakı məlumatı təşkilat üzvlərinin Aydın Vahidovun qohumunun evində ayın, günün xatırlamadığım tarixdə keçirdiyimiz iclasında bildirdik. İclasda iştirak edirdi: mən, İ.Rəhimov, K.Əliyev, M.Abdullayev, A.Vahidov, H.Zeynalov. A.Ələsgərova ayrıca olaraq H.Zeynalovun evində  olanda məlumat vermişdik. Sual: Yığıncaqda gizli məktubu kim oxudu. Cavab: Məktub oxunmadı. Onun məzmunu barədə İ.Rəhimov məlumat verdi. İştirak edənlərdən Kamal Əliyev bizi məktubu öz xəttimizlə yazdığımıza görə kəskin ittiham edib dedi ki, belə gizli məktubu çox asanlıqla müəyyən etmək olar. Gələcəkdə belə praktikanı dayandırmaq lazımdır. Əks halda təşkilatın üzvlərini həbs təhlükəsi gözləyə bilər. Onun bu çıxışını A.Vahidov, H.Zeynalov müdafiə etdi. 
Bu məktubun antisovet millətçi məzmunu ilə hamı razı idi, onu bəyənirdi. Nəticədə biz qərara gəldik ki, əvvəla öz xəttimizlə belə gizli məktubu yazmaq olmaz, onu ancaq makinada yazmaq lazımdır ” .
Müstəntiq Gülhüseyn müəllimdən təşkilatlarının yazı makinası olmadığından hansı makinada və necə gizli məktub yazılması ilə bağlı həqiqətləri söyləməyi deyir. O, təşkilatlarının ümumiyyətlə gizli məktub yazmağa qarşı olduğunu, eyni zamanda makina almağa maddi imkanlarının olmadığını bildirib.
İstintaqın bu yerində Gülhüseyn müəllim suala cavab olaraq təşkilatın maddi qaynağı məsələsinə toxunub bunun ancaq üzvlük haqlarının hesabına formalaşdığını, onun isə vaxtlı-vaxtlında yığılmadığını qeyd edib. O göstərib ki, hər üzv ayda 50 rubl ödəməli idi, ən yaxşı halda ayda min, min iki yüz rubl yığılırdı. 
Yeri gəlmişkən, burada bir uyğunsuzluq olduğu göz önündədir. Gülhüseyn müəllimin dediklərinə görə onların təşkilatının 7 nəfər üzvü olmuşdur. Ancaq yığılan pulun miqdarı onun dedikləri ilə uzlaşmır.
Suallardan biri də təşkilatın üzvlərindən üzvlük haqlarının kimin yığması ilə bağlı olmuşdur. Təqsirləndirilən bu işin H.Zeynalova həvalə edildiyini, onun isə üzvlük haqlarının vaxtlı-vaxtında verilmədiyindən şikayət etdiyini söyləyib.
Təşkilatın qarşısında duran vəzifələri aydınlaşdırmaq baxımından əhəmiyyətli suallardan bir belə olmub: “Hər halda yığıncaqda söyləyrdinizmi ki, hansı əsas məsələləri həll etməyi düşünürsünüz? Cavab: Bizin antisovet millətçi təşkilatın bütün üzvlərinə aşağıdakı məzmunda tapşırığımız olmuşdu: 1. Ali məktəb tələbələri içərisindən antisovet əhval-ruhiyyəli adamları müəyyənləşdirib diqqətlə yoxladıqdan sonra onları təşkilata cəlb etmək. 2. Məhz belə adamlardan antisovet millətçi gənclər təşkilatı yaramaq. 3. Təşkilatın üzvləri içərisində Sovet hakimiyyətinə düşmən və nifrət hissi aşılamaq. 4. Təşkilatın əsas vəzifəsi müstəqil, milli Azərbaycan Respublikası qurmaq uğrunda mübarizə aparmaq, onu həyata keçirmək, daha dəqiqi respublikanı SSRİ-dən ayırmaq. 5. Təşkilatın üzvlərinin məsuliyyətini və antisovet millətçi işimizə sədaqət üçün “And” qəbul etmişdik. Demək olar ki, bütün iclaslarımız üçün bu məsələlər aktual idi”. 
Müstəntiq təşkilatın daha hansı iclaslarının keçirildiyini və hansı məsələlərin müzakirə edildiyini soruşub. Gülhüseyn müəllim son iclaslardan birinin H.Zeynalovun evində olduğunu, orada H.Zeynalovun təşkilatın  proqramı ilə bağlı  fəalliyyətinin tənqid olunduğunu söyləyir. O, İ.Rəhimovun evində keçirilən iclasda isə üzvlərin hamısının təşkilat üzvlərinin passiv fəaliyyətindən narazılıq etdilər. 
“...Orada şəxsən məni yeni üzvlər cəlb etmək işini başa çatdırmadığıma görə tənqid etdilər. İki dəfə M.Abdullayevin evində iclas keçirdik. Orada da üzvlərin fəaliyyətsizliyi tənqid edildi. Son dəfə iclas M.Abdullayevin evində oldu. O, bizim hamımızı şəraba qonaq etdi. Burada İ.Rəhimov gənclərə həsr etdiyi açıq-aşkar millətçi ruhda olan öz şeirini oxudu”.  
Bu istintaq saat 23:40-da qurtarır.
Növbəti, yeddinci istintaq 28 oktyabr 1948-ci ildə davam edib.
Bu istintaqda maraqlı məqamlardan biri hələ 1945-ci ilin fevralında Gülhüseyn müəllimin saxlanılması və onun bir çox cəhətləri ilə bağlıdır. Bu səbəbdən onun əksər hissələrini olduğu kimi oxucuların diqqətinə çatdırmağı qərara aldıq. 
  “Sual:  Təsdiq edirsnmi ki, Azərbaycan SSR DTN işçilərinə 23 fevral 1945-ci ildə qəbz vermisən ki, səninlə olan söhbətlər tam gizli saxlanacaq, heç yerdə, heç kimə bu barədə danışmayacaqsan. Bu söhbət Bakı şəhəri, 2 №-li milis bölməsində olub. Öhdənə götürmüsən ki, ....müntəzəm məlumat verəcəksən. Bu barədə hətta təşkilatın üzvlərindən H.Zeynalov, İ.Rəhimov, H.Zeynalov və digərlərinə heç nə söyləməyəcəksən. Bunu təsdiq edirsənmi? Cavab: Bəli, təsdiq edirəm. 
    Sual: Milis idarəsinə çağırılmanız barədə antisovet millətçi gənclər təşkilatının üzvlərinə nə vaxt və harada məlumat verdiniz? Cavab: Milis idarəsinə çağırıldığım günün səhərisi Hacı Zeynalovla görüşdüm. Ona bildirdim ki, məni Bakı şəhəri 2 №-li milis bölməsinə çağırdılar və orada DTN-in işçiləri məni sorğu-sual etdi. Təşkilat haqqında onların məlumatı var. Ancaq XDİK işçilərinə təşkilatımız haqqında heç nə demədim.
İki gündən sonra İ.Rəhimovla görüşdüm. Ona da bildirdim ki, təşkilatımız haqqında DTN-nin xəbəri var. Məni Bakı şəhəri 2 №-lı milis şöbəsinə çağırıb orada DTN-nin müstəntiqi istintaq aparmışdır. Sən və digər üzvlər haqqında soruşdular. Mən təşkilatımız haqqında heç nə demədim. Bir qədər sonra Musa Abdullayevə də söylədim. Harada dediyimi unutmuşam. Səhv etmirəmsə İ.Rəhimovla birlikdə olanda ona dedim. Şübhəsiz onlar da digər üzvlərə demişdir. 
        Sual: Səni Azərbaycan SSR DTN işçiləri sorğu-suala tutdumu?. Onlara xəbər verdikdən sonra təşkilatın yığıncağı keçirildimi? Cavab: Xeyr. Sual: Sirri açmamaq haqqında Azərbaycan SSR DTN-nə verdiyin sözü yerinə yetirməməkdə özünü günahkar hesab edirsənmi? Cavab: Bəli. Ona görə pozdum ki, antisovet millətçi gənclər təşkilatına daxil olarkən And işmişdim və bu andı poza bilməzdim”.
Müstəntiq ondan təşkilatın nə zaman yarandığı sualına o, “...təxminən 1944-cü ilin fevralında” deyə cavab verib. 
Maraqlıdır ki, saat 13:00-da qurtaran bu sorğu-sualda istintaqa nəzarət edən prokuror da iştirak edib.
Növbəti istintaq 04 noyabr 1948-ci ildə davam etmişdir.
  Bu istintaqda İlk sual İslam İbrahimovla tanışlığı, bunun hansı şəraitdə və nə vaxt olması barədə olub. Gülhüseyn müəllim cavabında 1942-ci ildə filologiya fakültəsinin I kursuna daxil olduqdan sonra onu artıq III kursda oxuyan bir tələbə kimi tanıdığını, ancaq yaxın əlaqələrinin olmadığını, onları heç kimin tanış etmədiyini bildirir.
Bu cavabdan sonra müstəntiq İslam İbrahimovdan daha geniş danışmağı, onu xarakterizə etməyi söyləyib. Təqsirləndirilən onu tələbə elmi cəmiyyətindən yaxşı ədəbiyyatçı kimi tanıdığını, bu adamı İ.Rəhimovun daha yaxşı tanıdığını bildirir. 
  “Sual: İ.Rəhimov Sizə İslam İbrahimov haqqında nə danışmışdı? Cavab: O, mənə İslam İbrahimovu istedadlı ədəbiyyatçı, alman dilini yaxşı bilən bir tələbə kimi tanıdığını bildirmişdi. Bundan başqa İ.Rəhimov mənə onun Vətənimizi çox sevdiyini də söyləmişdi”.
Bu istintaqlardan sonra müstəntiq Gülhüseyn müəllimin ifadələrini ümumiləşdirərək onu 4 oktyabr 1948-ci ildə Azərbaycan SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə ittiham edən qərar qəbul edir .
Müstəntiq bu qərarı qəbul etdikdən sonra elə həmin gün - 4 noyabr 1948-ci ildə ikinci dəfə istintaqı davam etdirib.
  O, təqsirləndiriləni ittihamnamə ilə tanış edib özünü bu maddələrlə günahkar bilib bilməməsini soruşur və ondan təsdiqləyici cavab alır.
Eyni zamanda ondan birinci dəfə kim tərəfindən antisovet millətçi ruhda hazırlandığını soruşub. O, İ.Rəhimovla necə tanış olması, hansı söhbətlər aparması haqda istintaqa əvvəllər söylədiyi fikirləri danışır. Bununla da doqquzuncu istintaq başa çatır. 
23 noyabr 1948-ci ildə keçirilən istintaqda müstəntiq nədənsə ondan yenidən antisovet millətçi gənclər təşkilatı yaratmaq fikrinin nə zaman yarandığını soruşub.
    O, 26 oktyabr 1948-ci ildə, beşinci istintaqda bu barədə verdiyi cavabı təkrar edib. 
 “...Gizli iclasların birində qərara gəldik ki, təşkilata rəhbər seçək. Müzakirədən sonra qərara gəldik ki, hər ay təşkilatın bir üzvü ona rəhbərlik etsin. İsmixan Rəhimov sədr seçildi. Ondan sonra heç kim seçilmədi.... Doğrudur, Vahidov Aydın katib seçildi. Ancaq o heç bir qeyd aparmırdı. Ona görə ki, təşkilat yazı işləri aparmağı qəti qadağan etmişdi”.
Müstəntiqin suallarından biri yazı şriftinin hazırlanmasının hansı iclasda müzakirə edilməsi ilə bağlı olub. Gülhüseyn müəllim Vahidov Aydının evində keçirilən, vaxtının yadında olmadığı iclasda bu haqda müzakirə getdiyini, ancaq onu hazırlaya bilmədiklərini, sonralar da bu işlə məşğul olmadıqlarını söyləyir. Müstəntiq ondan əlifba şrifti hazırlamağı kimin təklifi etdiyini soruşduqda “xatırlamıram” cavabını alır. 
İstintaqda müstəntiq ondan qəflətən özünü günahkar hesab edib etmədiyini soruşub. 
     “Cavab: Özümü aşağıdakılarda günahkar hesab edirəm: 1) Səməd Vurğuna antimillətçi ruhda gizli məktubu redaktə etməkdə.
 2) Antisovet millətçi gənclər təşkilatının üzvü olmaqla və onun bütün gizli iclaslarında iştirak etməkdə. 
3) Əliyevi bu təşkilata cəlb etməkdə. 
4) Antisovet millətçi gənclər təşkilatının  tapşırığı ilə Hacı Zeynalovu buraya cəlb etməkdə. 
5) Antisovet təşkilata sadiq qalacağım barədə And içməkdə. 
6) Əlifba şrifti hazırlamaq işində iştirak etməkdə. 
7) Milis idarəsinə çağırılmağım və orada Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin işçisi ilə söhbəti təşkilatın üzvlərindən İ.Rəhimova, H.Zeynalova açıb danışmaqda”.
Bu etirafdan sonra müstəntiq ondan bir daha təşkilatda göstərişlərin, tapşırıqların hansı rəhbərdən aldıqlarını soruşub. Cavab əvvəlki kimi belə rəhbərin olmadığı olur.
Bununla onuncu istintaq başa çatıb.
Növbəti on birinci istintaq 30 noyabr 1948-ci ildə olub .
Bu dəfə müstəntiq əvvəlki istintaqda verilən əsas sualları demək olar ki, eyni ilə təkrar edib tələb edir ki, Gülhüseyn müəllim ona daha ətraflı cavab versin.  O da bunu yerinə yetirməli olur.
4 dekabr 1948-ci ildə keçirilən növbəti istintaqda Səməd Vurğuna yazılan məktub məsələsinə bir daha qayıdılıb.
Əvvəlki suallar verilib, yenidən ətraflı cavablar alınır. Demək olar ki, bu sual-cavabda yeni heç nəyə rast gəlinmir.
İyirmi gün sonra, 24 dekabr 1948-ci ildəki istintaqda müstəntiq Gülhüseyn müəllimdən Rzayev Kamil Əbdülbağı oğlunu tanıyıb tanımadığını soruşur.        
G.Abdullayev cavabında bu şəxsi 1941-ci ildən, Hacı Zeynalovun vasitəsi ilə tanıdığını bildir. 
 “...Tanış olarkən məlum oldu ki, onunla qonşuyuq. Bundan sonra dost olduq. Bir-birimizin evinə gedib gəlməyə başladıq. Sual: Təşkilatda başqa kimlər Kamil Rzayevi tanıyırdı? Cavab: Hacı Zeynalov və Kamal Əliyev”.
Müstəntiq təqsirləndiriləndən K.Rzayevin nə vaxt Sovet ordusu sıralarına çağırıldığını, çağırılana qədər onun da təşkilatın üzvü olmuşdumu deyə soruşduqda, o, “dəqiq xatırlamıram”, “xeyr”  deyə cavab verir. 
Müstəntiq sualın istiqamətini dəyişərək K.Rzayev orduda olarkən onunla məktublaşmaları, bu məktubların məzmunu barədə soruşduqdan sonra yenidən Kamilin təşkilatın üzvlüyü məsələsinə qayıdıb. Lakin cavab əvvəlkindən fərqlənmir.  
    “Sual: Siz K.Rzayevlə məktub vasitəsilə əlaqə saxlayırdınızmı? Cavab: K.Rzayev Sovet Ordusunda xidmət edəndə mənə məktub yazaraq xahiş etmişdi ki, anasına onun sağ-salamat olduğunu söyləyim. Mən də məktub yazaraq bildirdim ki, anan yaxşıdır, sənin haqqında da ona danışdım. Sual: Yenə Sizdən soruşuram: K.Rzayev... təşkilatın üzvü olubmu? Cavab: Xeyr”. 
Bununla da saat neçədə başlandığı yazılmayan bu istintaq gecə yarısına yaxın, saat 23:30-da başa çatır. 
Növbəti istintaq bir ay dörd gün sonra – 28 yanvar 1949-cu il saat 10:30-da olub.
Müstəntiq Gülhüseyn müəllimə hər şeyi danışmadığını bildirərək ondan “antisovet məzmunlu sənəd tərtib etmək üçün şrift almaq məsələsinin” hansı iclasda müzakirə edilməsi ilə bağlı daha geniş məlumat verməsini tələb edib. 
     “...Hansı iclas olduğunu dəqiq xatırlamıram. Antisovet millətçi iclasların birində İsmixan Rəhimov təklif irəli sürdü ki, təşkilat üzvləri hər şeyi bilməlidirlər. O cümlədən tipoqrafıya məsələsini. Bu məsələ ilə bağlı o bildirdi ki, təşkilatımızın üzvlərindən kimsə orada işləməlidir. O, kimin orada işləmək istədiyini soruşdu. İştirakçılardan heç kim belə bir arzuda olmadı. Bundan sonra İsmixan Rəhimov söylədi ki, onda o özü tipoqrafiyada işə girəcək. O, həm axşamlar işi olmadığını, həm də maddi vəziyyətinin yaxşılaşdıracağını bildirdi. O məndən xahiş etdi ki, harada işə düzələ biləcəyini öyrənsin. Ona söylədim ki, bir ay bundan qabaq “Xəzər bolşeviki”nin redaksiyasına işçi tələb olunurdu. Öyrənim, əgər həmin yer boş qalıbsa deyərəm. Bundan sonra həmin qəzetin redaksiyasında oldum.  Öyrəndim ki, həmin vəzifəyə Emma adında gənc bir qızı götürüblər. O, yazı makinasında yazı yazmaq kursuna da gedir. Kursu qurtardıqdan sonra işini dəyişəcək. Ancaq bu iş təxminən iki ay uzandı. Biz qərara aldıq ki, onu işdən çıxartdırıb İ.Rəhimovu oraya düzəldək. Bunun üçün təşkilatın üzvü Kamal Əliyevə tapşırıldı ki, bu qızla tanış olsun. Dostluq prosesində K.Əliyev qəsdən qısqanclıq hissini büruzə verməklə onu işdən azad etməyə çalışsın. Sual: Təşkilatın üzvü K.Əliyevlə Emmanı tanış etmək tapşırığını kim verdi? Cavab: Mənə tapşırıldı ki, Emmanı K.Əliyevə göstərim” .
 
Müstəntiq ona Emmanı K.Əliyevə nə vaxt və harada göstərdiniz sualına isə təqsirləndirlən bunu etmədiyini, bu məsələ ilə məşğul olmadığını bildirir. İstintaqı aparan belə cavabla razılaşmır. 
“Sual: Bir daha soruşuram, Siz çalışmısınızmı ki, gizli antisovet məzmunlu məktub tərtib etmək üçün şrift əldə edəsiniz?” Cavab: “Xatırlamıram” . 
 
Müstəntiq ondan “Sən H.Zeynalovun Səməd Vurğuna gizli məktub göndərilməsinin iştirakçısı olmana görə həbs edildiyinizi K.Rzayevə xəbər verdinizmi?” deyə soruşduqda  cavab  yenə ” Xatırlamıram” olur.
 
Bu istintaqdan bir həftə sonra, 4 fevral 1949-cu ildə müstəntiq işin yekunlaşdığını bildirən qərar qəbul edib.
Qərarı DTN-nin I bölməsinin rəis Neftyakov və nazirliyin istintaq şöbəsinin rəisi, podpolkovnik Padarov  imzalayıb.
 
Qərarda yazılıb: “Azərbaycan SSR cm-nn 72-ci maddəsinin 2-ci hissəsini və 73-cü maddəsi ilə təqsirli bilinən Abdullayev Gülhüseyn Hüseyn oğlunun 283 №-li cinayət işinə baxılaraq müəyyən etdim: İstintaq dövründə müəyyən edildi ki, Abdullayev Gülhüseyn Hüseyn oğlu 1943-cü ildən Bakı şəhərində fəaliyyət göstərən, qarşısına Azərbaycanı SSRİ-dən ayırmağı, müstəqil, milli Azərbaycan Respublikası qurmağı qoyan antisovet millətçi gənclər təşkilatının üzvüdür.  O, təşkilatın sıralarında fəal antisovet millətçi iş aparıb, oraya yeni üzvlər cəlb edib, antisovet millətçi məzmunlu gizli sənədlər tərtib edib, həmçinin bu təşkilatın gizli yığıncaqlarında iştirak edib.
Yuxarıda deyilənləri nəzərə alaraq                      
Qərara aldım:
 Əvvəllər Abdullayev G.H. oğluna elan edilmiş Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə olan ittihamına Azərb. SSR cm-nin 21-64-cü maddələri əlavə edilsin. Qərarın surəti Azərb. SSR Prokurorluğuna göndərilsin”.
Müstəntiq ertəsi gün, 5 fevral 1949-cu ildə saat 1040-da başlayan istintaqda Gülhüseyn müəllimi qərarla tanış edib onun cinayət işinə 21-64-cü maddələrin əlavə edildiyini, onun mahiyyətini izah etdikdən sonra soruşub: “... Özünü bu maddələrlə günahkar hesab edirsənmi? Cavab: “Bəli.”.
Beləliklə 23 oktyabrda başlayan cinayət işi 74 gündən,16 istintaqdan sonra başa çatmışdır”.
 
(Davamı var)
 
Təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
28
moderator.az

1Mənbələr