Lion “Olimpik”inin baş məşqçisi Pyer Saj Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Fransa klubları arasındakı qarşılaşma sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu gün oyundan öncə ənənəvi mətbuat konfransı keçirilib. Mətbuat konfransında Fransa klubunun baş məşqçisi ilə yanaşı, yarımmüdafiəçi Jordan Veretu da iştirak edib.
Pyer Saj “Qarabağ”la matçla bağlı bunları dilə gətirib:
“Bura yaxşı performans nümayiş etdirmək üçün gəlmişik. Hansısa xüsusi ssenari yoxdur. Sabah qələbə qazanmaq istəyirik. Meydanda hər zamankı kimi hərəkət edəcəyik.
“Qarabağ”ın futbolçularından Yassin Benzya hazırda çox yaxşı formadadır. Abdullah Zubir, Yassin Benzya Fransada doğulmuş gənc nəsli təmsil edirlər. Amma rəqibin heyətində təkcə Fransadan olan futbolçulara diqqət ayırmaqla kifayətlənə bilmərik. “Qarabağ”ın digər keyfiyyətli oyunçularının da çıxışını nəzərə almalıyıq. Rəqib fiziki hazırlığı yerinə olan komandadır. “Ayaks”la matçda qırmızı vərəqə onların oyununa təsir etdi. Amma rəqib nə qədər güclü olsa da, sabah “Qarabağ”a qalib gəlməyə çalışacağıq”.
Jordan Veretu isə qarşıdakı oyunla bağlı bunları dilə gətirib: “Qarabağ”ın heyətində çox təhlükəli və keyfiyyətli futbolçular var. Yaxşı hücumlar qurmağı bacarırlar. Rəqibin heyətində yer alan Yassin Benzya əvvəllər Lion “Olimpik”ində çıxış edib. Öz performansımi bərpa etməyə çalışıram. Müxtəlif mövqelərdə oynamağı bacarıram. Hər şey baş məşqçinin qərarından asılıdır. Qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Oyun çətin keçəcək”.