AZ

“Sən gecələr yat, ay Səyyad”

Azərbaycan cəmiyyətində Qarabağ müharibəsi əlilləri, veteranları ilə bağlı istənilən bəyanata olduqca həssas münasibət mövcuddur. Bu da təbii və alqışlanmalı haldır. Çünki xalqın hər bir fərdi doğma torpaqlarımızın azadlığa qovuşmasında tarixi rol oynayan bu qəhrəman oğullarımıza özünü borclu bilir, onlara öz ehtiramını hər fürsətdə ifadə edir. 

Amma təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə daha dərin kök salmış bu həssas münasibətdən kimlərinsə xal qazanmaq üçün yararlanması, sui-istifadəyə yol verməsi, populist çıxışlar etməsi hallarına da rast gəlinir. Bunu adi sıravi vətəndaş etdikdə, hardasa başa düşmək olur. Lakin illərin siyasi təcrübəsinə malik, kifayət qədər məlumatlı şəxslər ən yüksək tribunadan buna yol verdikdə seyrçi qalmaq mümkün olmur...

Öncə vurğulamaq vacibdir ki, torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər, bu yolda sağlamlıqlarını itirənlər ölkənin birinci şəxsi səviyyəsində həmişə dəstəklənib, onlara dövlət qayğısının göstərilməsi üçün sosial layihələrin miqyası ilbəil genişlənib. Bura Prezidentin aylıq təqaüdünün, sosial müavinətlərin artırılmasını, müharibə əlillərinə minik avtomobillərinin, o cümlədən şəhid ailəsi və müharibə əlillərinə mənzillərin verilməsini, məşğulluq məsələlərini, yeni sosial layihələri və s. aid etmək olar. Ümumilikdə dövlətin, cəmiyyətin mövqeyi budur ki, Vətən yolunda canını, sağlamlığını itirənlər ən yüksək münasibətə və bundan da artığına layiqdirlər. 

Amma son günlər Milli Məclisdə sosial sahə ilə bağlı müzakirələrdə başqa yanaşma ortaya çıxıb. Hər hansı araşdırma aparmadan Qarabağda döyüşən şəxslərlə bağlı belə bir kampaniya aparılır ki, guya hər hansı iş görülmür, bu şəxslər tamamilə unudulub və s.   

Məsələn, deputat Səyyad Aran (Salahlı) ağına-bozuna baxmadan çıxıb bəyan edir ki, Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır. Səyyad Aran kifayət qədər siyasi, habelə diplomatik təcrübəyə malik, müxtəlif dövlət işlərində çalışmış, hakim partiyanı təmsil edən, hərdən hekayə, povest ərsəyə gətirən yaradıcı ruhlu bir deputatdır. Belə bir zəngin bioqrafiyaya malik Səyyad müəllimin illər sonra parlamentə qayıdıb populizmlə məşğul olması təəccüb doğurmaya bilməz. Ola bilər Səyyad müəllimin qəbuluna gələn Qarabağ veteranı müavinətlə bağlı şikayət edib və ya kimsə qulağına nəsə pıçıldayıb. Amma Səyyad Aran bu ahıl yaşında aranı dağa, dağı arana qatmamlıdır axı? Əmək qabiliyyəti olan şəxslərlə bağlı bütün dünyada mövcud yanaşmanı bilmədən gözünü yumub danışmaq nə dərəcədə doğrudur? 

İstər Səyyad müəllim, istər onunla səs-səsə verən bir neçə millət vəkili hər cür araşdırma aparmaq imkanına malikdirlər. İstənilən hökümət üzvü ilə görüşüb  bu məsələni müzakirə etmək onlar üçün heç bir çətinlik törətmir.  

Əgər müzakirə etsəydilər, mövcud vəziyyətlə bağlı dolğun məlumatlar ala bilərdilər. Bu gün təkcə Azərbaycanda yox, bütün dünyada aparılan siyasət bundan ibarətdir ki, sağlam və əmək qabiliyyətli olan müharibə veteranlarının, ümumiyyətlə əmək qabiliyyətli bütün kateqoriyaların sosial rifahına passiv deyil, aktiv alətlərlə dəstək verilsin. Özünü xeyirxah göstərmək istəyənlər yaxşı bilirlər ki, dövlət Qarabağ əlillərinin sosial ödənişlərini dəfələrlə artırıb və yanvar ayından yeni artımlar nəzərdə tutulub. Əgər dil pəhləvanlığı edənlər araşdırsaydılar, əmək qabiliyyətinə malik veteranların müavinət almaqla yanaşı, çalışmaları üçün müvafiq addımların atıldığının şahidi olardılar. Misal üçün 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası çərçivəsində 24,4 min şəxsin məşğulluğu təmin edilib. O cümlədən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 12,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.

Bu gün əsas hədəf əmək qabiliyyətinə malik bu şəxslərin layiqli iş yerləri ilə təmin olunmasıdır və yaxşı olardı ki, millət vəkilləri  yüksək tribunadan özəl sektora çağırış edərdilər. Bu işdə onları daha da aktiv olmağa səsləyərdilər. Yaxud bu şəxslərin məşğulluğu, təhsili olmayanların təhsil almaları ilə bağlı ağlabatan başqa nəsə təklif edərdilər.  Təəssüf ki, bunun tam əksinin şahidi olduq. Sual olunur: hansısa əmək qabiliyyətinə malik Qarabağ veteranının çalışıb məsələn 1000-1500 manat və ya daha yuxarı maaş alması daha düzgün yanaşmadır, yoxsa müavinətinin təklif olunduğu kimi heç olmasa 20 manat qaldırılması?

Ümumiyyətlə, sosial sahə ilə bağlı danışan istənilən millət vəkili, ekspert az-çox prosesə bələd olmalıdır. Bunlardan biri də əlillik təyinatıdır. Rəqəmlərə istinad etsək, bu gün 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4 mindən çox  hərbi qulluqçuya əlillik təyin edilib. Əlillik təyinatı davamlı və olduqca mürəkkəb bir prosesdir. Proseduru bilmədən, bu sahəyə az-çox bələd olmadan danışmaq sadəcə və sadəcə həssas kateqoriyalar arasında narahatçılıq toxumu səpməyə xidmət edir. “Olmazdı ki, bunu belə edərdilər” tipli qeyri-ciddi bəyanatlarla bu kateqoriyaya aid şəxslərdə qıcıq yaratmaq heç də sağlam yanaşma deyil. 

Elman Babayev

Seçilən
18
qafqazinfo.az

1Mənbələr