AZ

Luis Suares “İnter Mayami” ilə yeni müqaviləyə imza atdı

Uruqvay futbolunun ulduzu, mərkəz hücumçusu Luis Suares çıxış etdiyi “İnter Mayami” ilə müqavilə müddətini uzadıb.

Arena.az xatırladır ki, Suaresin “vağlar”la müqaviləsi cari ilin dekabr ayının sonunada başa çatacaqdı.

Amma MLS təmsilçisi təcrübəli hücumçunu heyətində saxlamağa qərar verib. 37 yaşlı hücumçunun MLS klubu ilə yeni sözləşməsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu “vağlar”ın heyətində indiyə qədər 37 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə verib.

Uruqvaylı futbolçu “İnter Mayami” ilə MLS müntəzəm mövsümünün qalibi olub (2023/2024).

Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarında da çıxış edib, çoxlu qənimətlər və fərdi mükafatlar qazanıb.

Luis Suares bir vaxtlar kapitanı sarğısını daşıdığı və artıq çıxışına xitam verdiyi Uruqvay yığmasının heyətində 2007-ci ilin fevralında debüt edib. Suares “seleste”nin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə verib. Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “İnter Mayami” ötən gün baş məşqçi postunda da dəyişiklik edildiyini açıqlamışdı. Argentinalı mütəxəssis Xerardo Martino MLS təmsilçisindən ayrılmağa qərar verib. Onu bu postda həmyerlisi Xavyer Maskerano əvəz edib.

Hazırda “İnter Mayami”nin heyətində Lionel Messi, Serxio Buskets, Jordi Alba kimi ulduz futbolçular da yer alıblar.

Seçilən
13
arena.az

1Mənbələr