AZ

Sertifikatsız cərrahlar mafiyası jurnalisti təhdid edir

Bu ay Bakıda Laser Beauty Clinic özəl klinikasında ixtisassız həkimlər tərəfindən qanunsuz cərrahi əməliyyatların aparılması halları aşkar edilib. Nəticələr barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirib. Mərkəz vətəndaşların şikayətlərindən sonra klinikada yoxlama aparıb.

Kütləvi informasiya vasitələri tərəfindən Mərkəzə verilən şikayətlərin arasında Laser Beauty Clinic işçilərinin qanunsuz fəaliyyətilə bağlı ittihamlar olub. Əsasən bildirilib ki, doktor Nigar Rüfət sertifikasiyadan keçməyib, digər əməkdaş Natəvan Əmirovanın isə cərrah kimi işləmək üçün lazımi ixtisası yoxdur. Mərkəz  klinikada araşdırma aparıb və inzibati pozuntuları sənədləşdirib. Məlum olub ki, Nigar Rüfət Səhiyyə Nazirliyinin vahid kadr reyestrində olmayıb və klinikada rəsmi çalışmayıb. Bundan əlavə, Natəvan Əmirova sertifikatı olmadan özəl tibbi praktika ilə məşğul olub ki, bu da klinikaya qarşı inzibati tədbirlərə səbəb olub.

Bu ilin iyul ayında Səhiyyə Nazirliyi Baş Prokurorluğun sorğusuna əsasən lisenziyasız özəl tibbi praktika ilə məşğul olduğuna görə Elvira Rafiq qızını Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsilə 5000 manat cərimə edib.

Bu hadisələr jurnalist Qənirə Ataşovanın bəyanatlarını təsdiqləyib. O, sosial şəbəkələrdə plastik cərrahiyyə qara bazarının araşdırılmasına dair reportaj dərc edib. Ataşova Bakıda müvafiq ixtisası, təhsili və lisenziyası olmadan kosmetik cərrahiyyə ilə məşğul olan 50 tibb işçisini müəyyən edib. "Plastik cərrahiyyəni tibbi təhsili olmayan adamlar edirlər", - Ataşova yazıb.

Mövcud qanunvericiliyə əsasən, 2011-ci ildən Azərbaycanda tibb mütəxəssisləri öz sahələrində ixtisaslaşmaq üçün ordinaturadan keçməlidirlər. Lakin Ataşova qeyd edib ki, onun araşdırmasında sadalanan cərrahların heç biri estetik cərrahiyyə üzrə ordinaturadan keçməyib. "Bu adamlar bir neçə gün xaricdə qısamüddətli kurslarda iştirak edirlər, sonra geri qayıdırlar və qürurla özlərini "beynəlxalq sertifikatlı estetik cərrahlar" kimi təqdim edirlər. Ancaq bu kurslar hər kəsə açıqdır, odur ki, texniki olaraq siz də iştirak edə bilərsiniz və özünüzü "beynəlxalq ekspert" adlandıra bilərsiniz", - Ataşova sosial şəbəkələrdə qeyd edib.

Ataşova həmçinin Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının, o cümlədən Elm və Təhsil Departamentinin rəisi Səidə Rüstəmovanın və nazir müavini İlqar Qasımovun imzaları olan sənədləri aşkar edib ki, bu da nazirliyin yüksək vəzifəli məmurlarının korrupsiya sxemində əli olduğunun mümkünlüyünü göstərir.

Öz ifşası nəticəsində  Ataşova sosial şəbəkələrdə adlarını çəkdiyi plastik əməliyyat cərrahlarının təhdid və şantajı ilə üzləşib. Mətn məlumatlarda ona xəbərdarlıq ediblər ki, öz araşdırmalarına davam edərsə "avtomobil qəzasına düşə bilər".

Azərbaycanda xarici görünüşünü yaxşılaşdırmaq üçün kosmetik cərrahiyyə axtaran adamların sayı sürətlə artır ki, bu da belə prosedurlara tələbatı artırır və onların qiymətini yüksəldir. Bu, milyonlar qazanan və informatorları susdurmaq üçün çox şey etməyə hazır olan sertifikatsız cərrahların "mafiyası"na gətirib çıxarıb.

Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Mətin Məcidli Turan İnformasiya Agentliyinə bildirib ki, sertifikatsız həkimlərin qanunsuz tibbi praktika halları həm planlı, həm də qeyri-planlı yoxlamalar zamanı aşkar edilir, əsasən vətəndaşların şikayətlərindən irəli gəlir. 25 dekabr 2023-cü ildən 23 fevral 2024-cü ilədək Mərkəz hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək plastik cərrahiyyə ilə qanunsuz məşğul olan şəxslərə qarşı bir sıra yoxlama və monitorinq tədbirləri həyata keçirib. Ataşovanın sadaladığı cərrahların işlədiyi tibb müəssisələrində ümumilikdə 35 yoxlama aparılıb. Bəzi klinikalarda bəzi cərrahların şəxsiyyətini təsdiq etmək mümkün olmasa da, digər hallarda onlarla əmək müqavilələri ləğv edilib, 14 müəssisə cərimələnib. Məcidlinin sözlərinə görə, qeyri-leqal həkimlərin fəaliyyəti dayandırılıb və yoxlanılmış klinikaların hamısının rəhbərliyinə xəbərdarlıq edilib.

Yoxlamalar və inzibati cəzalar 2024-cü ildə də davam edib, lakin il hələ bitmədiyi üçün Mərkəz tam statistikanı açıqlamır.

Analitik Ekspertiza Mərkəzi pasiyentlərə tövsiyə edir ki, öz həkimlərindən diplom və lisenziyalarını təqdim etmələrini xahiş etsinlər, həmçinin vətəndaşları özəl tibb müəssisələrində mənfi hallar barədə (012) 596-05-20 qaynar xətt telefonu, www.pharma.az saytında "geriyə əlaqə" bölməsində və ya aem@pharma.az elektron poçt vasitəsilə məlumat verməyə çağırır.

Seçilən
31
turan.az

1Mənbələr