Qeyd edək ki, bu planda əsas rəqibini 3 xal qabaqlayan və Parisdə 3:1 hesabıyla qalib gələn İtaliya daha şanslı görünürdü. Deməli, Fransa qrupu 1-ci yerdə başa vurmaq üçün çətin səfərdə azı iki top fərqi ilə qalib gəlməli idi. Bu halda Didye Deşamın komandası İtaliyanı topların ümumi fərqinə əsasən arxada qoyacaqdı. Maraqlı məqam kimi, onu da qeyd edək ki, Fransanın azı 2-ci yeri tutmasında İtaliya yığmasının rolu olmuşdu. Luçano Spallettinin komandası noyabrın 14-da Brüsseldə Belçikaya minimal hesabla qalib gəlməklə “üçrənglilər”in pley-offa yolunu açmışdı.
Start fiti səslənəndən sonra fransızların evdəki məğlubiyyətin əvəzini çıxmaqla 1-ci yeri tutmaq istəyi aşkar görünürdü. Onlar hesabı çox erkən açmağa nail oldular: Rabyo artıq 2-ci dəqiqədə müdafiəçi Dinin ötürməsini dəqiq tamamladı. Oyun planında üstün olan qonaqlar 33-cü dəqiqədə fərqi artırdılar. Din bu dəfə cərimə zərbəsi ilə istəyinə çatdı: top qapıçı Vikarioya dəyərək qapıdan keçdi. Doğrudu, iki cinah oyunçusu Dimarko ilə Kambyaso çox keçmədən fərqi azaltdı. İlk hissənin qalan vaxtında fəal görünən meydan sahibləri rəqibi müdafiəyə çəkilməyə vadar etdilər, lakin hesabı bərabərləşdirə bilmədilər. Bir saaatlıq mübarizə araxada qaldıqdan sonra Din ilə Rabyo daha bir qol təşkil etdilər. Fransanın hər üç qolu standart vəziyyətdən sonra vurması qonaqların bu planda ev tapşırığını yüksək səviyyədə yerinə yetirməsinə əyani sübutdu. Beləliklə, “skuadra adzurra”dan qisasını 3:1 hesablı qələbə ilə alan Fransa yığması topların ümumi fərqinə əsasən 1-ci yeri tutdu.
Qrupun digər iştirakçıları arasında da rəqabət amili vardı. Belə ki, İsrail yığması Belçikaya sentyabrın 6-da 1:3 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaq üçün azı üç top fərqi ilə qalib gəlməli idi. Əlbəttə, bu, heç də asan vəzifə sayıla bilməzdi. Asiyalılar məlum səbəbdən neytral meydanda – Macarıstanın Budapeşt şəhərində keçirilən matçda qələbə qazandılar. Lakin yalnız son dəqiqələrə təsadüf edən bir cavabsız top vuran Ran Ben Şimonun komandası qrupu sonuncu yerdə başa vurdu. Bu isə İsrailin növbəti tsikldə B liqasında oynayacağı deməkdi.
A liqası, 2-ci qrup
6-cı tur
İtaliya - Fransa 1:3 (1:2)
İtaliya: Vikario, Di Lorentso, Bastoni, Buoncorno, Dimarko (Udoci, 82), Kambyaso (Maldini, 78), Tonali, Barella, Lokatelli (Rovella, 67), Frattezi (Raspadori, 67), Retegi (Ken, 66).
Fransa: Menyan, Kunde (Pavar, 82), Konate, Saliba, Din, Kone, Genduzi, Rabyo, Nkunku, Türam (Barkola, 78), Kolo Muani.
Qollar: Rabyo, 2 (0:1). Vikario, 33-öz qapısına (0:2). Kambyaso, 35 (1:2). Rabyo, 65 (1:3).
Vərəqələr: Frattezi, 31. Kolo Muani, 44. Genduzi, 90+3 - sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
17 noyabr. Milan. 68158 tamaşaçı.
İsrail - Belçika 1:0 (0:0)
İsrail: Daniel Perets, Dasa (Şua, 74), Qoldberq, Şlomo, Naxmias, Dor Perets (Haziza, 74), Abu Fani (Qandelman, 61), Qlux (Azulay, 88), Caber, David (Sabia, 61), Solomon.
Belçika: Kastels, Kastan, Fas, Əl-Daxil (Sardelya, 90+3), Debast (Smets, 46), Manqalya, Engels (Bassette, 90+3), Vermeeren (Lokonqa, 67), Trossar (Bakayoko, 37), Lükebakio, Openda.
Qol: Şua, 86.
Vərəqələr: Kastan, 31. Openda, 73. Şlomo, 76. Bakayoko, 84. Caber, 90+3 - sarı.
Hakim: Sebastyan Qişamer (Avstriya).
17 noyabr. Budapeşt. 675 tamaşaçı.
1. Fransa 6 4 1 1 12-6 13
2. İtaliya 6 4 1 1 13-8 13
3. Belçika 6 1 1 4 6-9 4
4. İsrail 6 1 1 4 5-13 4
Oyundan sonra
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Meydana çıxan kimi standart vəziyyətdən top buraxdıq. Bu səbəbdən oyunumuzda sakitliyə nail ola bilmədik və həddən artıq enerji itirdik. Qol vurmaqla hesab arasındakı fərqi azaldandan sonra vəziyyəti öz xerimizə dəyişəcəyimizə ümid yarandı. Lakin yenə standart vəziyyətdən top buraxdıq. Başqa hallarda sərgilədiyimiz oyunu heç cür nümayiş etdirə bilmədik. Ötürmələrdə o qədər də səliqəli deyildik və Fransa bundan yararlanaraq bizi “bağladı”. Bu məğlubiyyət öz gücümüzə inam baxımından bir qədər problem yaradır, ancaq bu nəticə qrupun əvvəlki oyunlarında qazandığımız əminliyi bizdən almamalıdı. Azarkeşlərə görə təəssüflənirəm, çünki stadionda əla atmosfer vardı”.
Mayk Menyan, Fransa yığmasının qapıçısı:
“Kenin zərbəsini dəf etməklə komandamızı xilas edib-etmədiyimi bilmirəm. O anda matç, demək olar ki, sona çatmışdı. Amma onu deyim ki, həlledici məqamlarda seyvləri xoşlayıram. Bu axşam bizim üçün qələbədən vacib nəticə ola bilməzdi. İtaliyaya evdəki məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik və buna nail olduq”.