Bu ideya gerçəkləşərsə, kəndlər daha sürətlə boşalacaq; təkcə şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaranacaq
Təhsil Nazirliyi xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılmasını müzakirə edir. Bu, ciddi müzakirələrə və etirazlara səbəb olub.
Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, ölkədə mövcud olan 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır və bu səbəbdən rasionallaşmaya ehtiyac var: “4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var, çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir, amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”.
Düzdür, xüsusilə rayonlarda şagird sayı 100-dən az olan məktəblər var. Bunun səbəbi odur ki, rayonlarda işsizlik səbəbindən bir çox kənd boşalıb və əhali şəhərlərə transfer edib. Əgər 1500 məktəb bağlanarsa, bu, minlərlə şagirdin təhsilinə mənfi təsir göstərə bilər. Qonşu kəndlərdəki məktəblərə getmək ciddi problemlər yarada bilər. Məsələ məktəbləri bağlamaq yolu ilə deyil, əhalinin rayonlara, kəndlərə marağının artırılması ilə kompleks şəkildə hökumət tərəfindən həll edilə bilər. Uşaq azdır deyə məktəb bağlamaq, bunu xərclərlə əlaqələndirmək təhsilə və əhaliyə qeyri-ciddi yanaşma hesab oluna bilər.
Məsələn, təhsil sahəsində dünyaya meydan oxuyan, nümunə göstərilən Yaponiyada cəmi bir şagirdə görə dəmir yolu stansiyası fəaliyyət göstərir. Bu ölkənin dəmir yolları şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib-gələ bilsin. Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.
Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır-gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda. Yaxud dünya təcrübəsində ucqar yaşayış məntəqələrində 3-5 nəfərə görə məktəb açılması təcrübəsi var.
Ceyhun Məmmədov
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov plenar iclasda çıxışı zamanı yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşa edilməsinin önəmini vurğulayıb: “Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”.
Təhsil eksperti Kamran Əsədov isə Musavat.com-a açıqlamasında deyib ki, 1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər: “Məktəblərin bağlanması məsələsi yalnız iqtisadi qərar deyil, həm də sosial, mədəni və ideoloji təsirləri olan həssas məsələdir. Bu qərar xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edir. Lakin məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər. Azərbaycanda məktəblərin bağlanması əsasən şagird sayının azalması ilə izah edilir. Əhalinin kəndlərdən şəhərlərə və ya xarici ölkələrə kütləvi köçü nəticəsində bəzi kənd məktəblərində siniflərdə şagird sayı azalır. Məktəblərin saxlanması üçün ayrılan vəsait bu şərtlərdə səmərəsiz görünə bilər. Lakin bu vəziyyətin yalnız iqtisadi yanaşma ilə həlli mümkün deyil. Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndlərdə sosial və mədəni həyatın mərkəzi, əhali üçün motivasiya mənbəyidir. Onların bağlanması əhalinin həmin əraziləri daha da sürətlə tərk etməsinə gətirib çıxara bilər. Bu proses isə kəndlərin boşalması və demoqrafik tarazlığın pozulması ilə nəticələnər. Dağ rayonlarında məktəblərin bağlanması xüsusi narahatlıq doğurur. Bu bölgələrdə coğrafi şəraitin çətinliyi, nəqliyyat və infrastruktur problemləri təhsilə çıxışı daha da çətinləşdirir. Şagirdlərin daha uzaq məsafələrdəki məktəblərə daşınması nəzərdə tutulsa da, bu proses yetərli səviyyədə təşkil edilmir. Köhnə mikroavtobuslarla həyata keçirilən daşınma təhlükəsizlik və rahatlıq baxımından standartlara uyğun deyil. Qış aylarında yolların sürüşkən olması, qarla bağlanması və avtobusların müntəzəm işləyə bilməməsi isə şagirdlərin məktəbə davamiyyətini daha da çətinləşdirir. Bu vəziyyət valideynləri övladlarını məktəbə göndərməkdən çəkindirir və erkən təhsildən yayınma hallarını artırır”.
Kamran Əsədovun fikrincə, məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaradır:
“Bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsil keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər. Bu vəziyyətin həlli üçün bir neçə əsas yanaşma tətbiq edilə bilər. İlk növbədə, bağlanma riski ilə üzləşən məktəblər üçün fərdi həllər nəzərdən keçirilməlidir. Şagird sayı az olan məktəbləri bağlamaq yerinə onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir. Məsələn, birləşdirilmiş siniflərdən və ya distant təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Texnologiya əsasında distant təhsil imkanları regionlarda təhsilin əlçatanlığını artırmaq üçün əvəzolunmaz vasitə ola bilər. Şagirdlərin daşınması məsələsi isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Daşınma üçün müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələrinin təmin edilməsi vacibdir. Bu nəqliyyat vasitələrinin müntəzəm olaraq texniki baxışdan keçirilməsi və hava şəraitinə uyğun təchiz edilməsi tələb olunur. Eyni zamanda, şagirdlərin dərs bitmə vaxtlarının uyğunlaşdırılması və daşınmanın daha koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Daşınma prosesi zamanı şagirdlərin təhlükəsizliyi və rahatlığı təmin edilməzsə, təhsildən yayınma hallarının artması qaçılmazdır. Kənd məktəblərinin bağlanması əvəzinə onların modernləşdirilməsi və əlavə funksiyalarla təchiz edilməsi də nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də mədəniyyət və ictimaiyyət mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, kənd məktəblərində peşə təhsili, sənət və mədəniyyət dərnəkləri və ya kənd təsərrüfatı sahəsində tədris proqramları təşkil edilə bilər. Bu, məktəblərin yalnız təhsil sahəsində deyil, həm də kəndlərin iqtisadi və sosial inkişafında mühüm rol oynamasına imkan yaradar. Əhalinin həmin əraziləri tərk etməməsi üçün isə dövlətin kəndlərin infrastrukturuna, yollarına və sosial xidmətlərinə diqqət yetirməsi vacibdir. Məktəb kənd icmasının əsas dayağıdır və onun bağlanması həmin icmanın gələcəyini təhlükə altına ata bilər. Təhsilin əlçatanlığı və keyfiyyəti yalnız məktəbin fiziki mövcudluğu ilə deyil, həm də bu məktəblərin müasir standartlara uyğun fəaliyyət göstərməsi ilə təmin edilməlidir. Dövlət bu məsələdə balanslı və inklüziv yanaşma nümayiş etdirməli, təhsil və sosial siyasəti daha koordinasiyalı şəkildə həyata keçirməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər. Bu səbəbdən bu məsələni daha dərindən və strateji şəkildə həll etmək lazımdır”.
Etiraz dolu açıqlamalardan sonra Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim ”eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”