AZ

COP29 çərçivəsində mühüm razılaşmalar imzalanıb

COP29 çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcək mühüm layihələr üzrə razılaşmalar imzalanıb, KOB-ların iqlim fəaliyyətində rolu, iqlim üzrə rəqəmsallaşma məsələləri barədə müzakirələr aparılıb.

Oxu.Az xəbər verir ki, COP29-da İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində yaşıl iqtisadiyyata töhfə verən layihələrə dair mühüm razılaşmalar imzalanıb.

İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə nazirlikləri, eləcə də BYD, "SARDA Group" və "Electrify Azerbaijan" şirkətlərinin nümayəndələri tərəfindən ölkəmizdə elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş." şirkəti arasında "Depozit İdarəetmə Sistemi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması və Depozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək.

AİŞ-lə Böyük Britaniyanın "Carbonbit Technologies" şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə Anlaşma Memorandumu Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir.

Digər Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və bp-nin törəmə şirkəti "Volts" ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur.

COP29 çərçivəsində AİŞ, "SOCAR Downstream" və "Technip Energies Italy S.P.A (TEN)" tərəfindən yaradılmış "Ecostar" MMC-nin nizamnaməsi imzalanıb. "Ecostar" MMC "Alterra" piroliz texnologiyasına əsaslanan "Tullantıların monetizasiyası" layihəsinə dair ön mühəndislik layihələndirməsi həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.

KOB-ların iqlim fəaliyyətində rolu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədilə "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" imzalanıb və KOB ekosisteminin bütün maraqlı tərəfləri bu Bəyannaməyə qoşulmağa dəvət olunublar.

Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti və KOBİA arasında imzalanmış üçtərəfli əməkdaşlıq bəyannaməsi isə BMT-nin 2030 İnkişaf Gündəliyində qeyd edilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur.

İqlim fəaliyyəti rəqəmsallaşma müstəvisində

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığı ilə süni intellektin idarəetməyə, ətraf mühitə neqativ müdaxilələrin azaldılmasına, dayanıqlı inkişafa təsirləri, 4-cü Sənaye inqilabının iqlim dəyişilmələri kontekstində önəmi, Yer səthinin müşahidəsi barədə məlumatların iqlim problemlərinin həllində rolu mövzularında müzakirələr təşkil edilib, enerji sahəsində fəaliyyət göstərən startaplar, enerji sərfiyyatının optimallaşdırılmasında süni intellektin rolu və iqlim sahəsi üzrə rəqəmsallaşmanın tətbiqi mövzularında təqdimatlar olub.

Seçilən
2
7
ekologiya.az

8Mənbələr