AZ

Fransızsayağı rəzalət

Səhv etmirəmsə, Emmanuel Kantın fikridir: “İnsanlar vərdiş halını almış əxlaqsız hərəkətlərinə görə xəcalət hissi keçirməyi yadırğayırlar.” Yəni, bu cür davranış sahibləri üçün ictimai qınaq, yaxud Femida ittihamı öz əhəmiyyətini itirir.

Bu günlərdə Fransanın “Arte.TV” telekanalında bir sənədli film nümayiş etdirilib. Burada Azərbaycan haqqında obyektivlikdən uzaq olması bir tərəfə, elementar əxlaq normaları ilə bir araya sığmayan, erməni riyakarlığının növbəti təcəssümü sayılan “ekran əsərindən” söhbət gedir. “Ermənistan: hadisələrin mərkəzində” adlandırılan film Qarabağ müharibəsindən və ermənilərin çəkdikləri “minbir əzab-əziyyətdən, məşəqqətlərdən” bəhs edir. Azərbaycanın ünvanına şər-böhtanla dolu, efir zibili sayılmağa layiq “sənədli film”də Birinci Qarabağ savaşında, guya, “ermənilərin deportasiyası” kimi nümayiş etdirilən kadrlar bilirsiniz haradan götürülüb? Bizim operatorların 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı zamanı soydaşlarımızın öz ata-baba yurdlarını məcburən tərk etdiklərini lentə aldıqları görüntülərdən.

“Arte.TV” telekanalının siyasi əxlaqsızlıq nümunəsi sayıla biləcək bu saxtakarlığı fransız tamaşaçılara nümayiş etdirən telekanal “söz və mətbuat azadlığının fontan vurduğu” Fransa qanunvericiliyindən gen-bol yararlanıb. Telekanalın “ekspert” qismində istifadə etdiyi şəxs ötən əsrin 90-cı illərində azərbaycanlıların “yazıq və məzlum ermənilərə verdiyi zülmlərdən” danışır. Riçard Kirakosyan haylara tutulan “divanı” 1915-ci ilin qondarma soyqırımı ilə müqayisə etməyi də unutmur. Bu zaman “tarixi paralellər” apararaq, türklərin və azərbaycanlıların bu cür vəhşilikləri törətməyə qadir “qardaş millət” olduqlarını ərz edir.

Bu “sənədli saxtakarlıq” nümunəsi 3 həftə bundan əvvəl internet resurslarında yerləşdiriləndən və azərbaycanlıların kəskin şərh və etirazlarından sonra “Arte.TV” bundan daha əxlaqsız varianta əl ataraq, “film”ə girişi bloklayıb. Üstəlik, soydaşlarımızın fakt və dəlillərə əsasən yazdıqları şərhlər, o cümlədən fotolar, videolar silinib. Efirdə nümayiş etdirilən bu film Azərbaycana münasibətdə fransız mediasının əxlaqsızlığının ən yüksək dərəcəyə çatmasının əyani sübutudur.

***

Fransada yaşayan ermənilərin əli ilə, həm də rəsmi Parisin dəstəyi sayəsində Azərbaycana qarşı bu cür ideoloji təxribatlar birinci dəfə deyil baş verir. İki il bundan əvvəl erməni əsilli rejissoru Nare Tatevosyanın lentə aldığı “Ermənistan: müqəddəs torpaq” filmi işğal dövründə Qarabağda baş verənlərdən bəhs edir. Daha doğrusu, Qarabağın füsunkar təbiətinin fonunda “əsrlər boyu bu torpaqlarda yaşayıb yaradan” ermənilərin “müqəddəs torpaqlarının, qriqorian kilsələrinin” qeydinə necə “həssaslıqla” qaldıqlarından danışır. Filmdə “erməni kilsələri” kimi qədim alban məbədləri nümayiş etdirilir. Bu məbədlərin XIX əsrin sonlarından etibarən Qarabağa köçürülmüş nə ermənilərə, nə də onların dininə heç bir aidiyyatı olmadığını fransız tarixçiləri də yaxşı bilirlər. Təkcə diplomatik deyil, siyasi ədəb və əxlaq normalarını aşmış Fransanın Azərbaycana qarşı təxribatlarının bir adı var: rəzalət!

Şübhə etmirik ki, bu cür rəzalətə şərait yaradan ölkənin sağlam düşüncəyə və heç bir məntiqə sığmayan davranışına Azərbaycan rəsmi səviyyədə kəskin etirazını bildirəcək.

İ.HƏSƏNQALA
XQ

Seçilən
17
xalqqazeti.az

1Mənbələr