BMT Qəzza zolağı üçün ABŞ Türkiyə, Misir və Qətər tərəfindən aparılan atəşkəs danışıqları ilə bağlı bütün tərəflərlə əlaqədə olduğunu bildirib.
BMT sözçünün müavini Fərhan Haq "Anadolu" Agentliyinin müxbirinin mövzu ilə bağlı sualını cavablandırıb.
Qəzzada istənilən atəşkəs təşəbbüslərini dəstəklədiklərini bildirən F.Haq uzun müddətdir ki, onların da atəşkəs çağırışı etdiklərini xatırladaraq deyib:
"Qəzzada atəşkəs, məhbusların azad edilməsi və humanitar yardımların artırılmasına ehtiyac var. Danışıqlar barədə BMT-yə məlumat verilib-verilməməsi ilə bağlı olaraq tərəflərlə əlaqə davam edir və məlumat əldə etməyə çalışırıq".
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden əvvəlki açıqlamasında "ABŞ yaxın günlərdə Türkiyə, Misir, Qətər və İsraillə birlikdə Qəzzada atəşkəs üçün yeni bir təşəbbüslə çıxış edəcək" deyib.