AZ

“1500 məktəb bağlanacaq” qalmaqalı

Nazirin fikirlərindən uzaqgedən nəticələr cəmiyyətdə narahatlıq yaratdı; ekspert deyir ki, məktəblərin rasionallaşdırma adı ilə də kənddən köçürülməsi ciddi problemlərə səbəb olacaq 

“1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”. Bu fikirlər elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə rəsmi hesabındakı paylaşımında yer alıb.

“Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır: 

Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. 

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyil. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir.

Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır", - paylaşımda qeyd olunub.

 Qeyd edək ki, deputat Ceyhun Məmmədov noyabrın 26-da Milli Məclisdəki büdcə müzakirələrində çıxışı zamanı deyib ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır:  “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.

“Yeni Müsavat”a danışan deputat Ceyhun Məmmədov yenidən bu məsələ ilə bağlı mövqeyini bildirib: “Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirin  verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək. Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxunmuşam. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir. Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına səbəb ola bilər”.

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafil mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Uzunmüddətli təcrübəmdə, xüsusilə də xatırladığım yaxın ərəfələrdə hələ şahidi olmamışam ki, təhsillə bağlı gündəmə gətirilən elə bir məsələ olsun ki, hamı tərəfindən birmənalı qarşılansın, müzakirə, mübahisə predmetinə çevrilməsin. Bu da təbiidir. Belə anlaşılmazlıq yaradan məsələlərdən biri də nazirin ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagirdin təhsil alması, şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olması, tədrisin keyfiyyətinin isə aşağı olması ilə bağlı səsləndirdiyi fikir olub ki, bu da müxtəlif yanaşmalara rəvac verib.

Sonra isə nazirin sosial şəbəkədə rəsmi hesabındakı paylaşımından məlum olub ki, “rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Ceyhun

Ceyhun Məmmədov

O ki qaldı Ceyhun Məmmədovun Milli Məclisin plenar iclasında dediyi fikrə, istər 1500 olsun, istər 500, istərsə də 5 fərq etməz, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq. Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir mesajı yerində və vaxtında sərgilənən mövqedir. Hesab edirəm ki, məktəblərin tipinin dəyişdirilməsi, peşə təmayüllü siniflərin açılması, hətta ciddi zərurət yaranarsa, ərazilərin yaxınlığı və kontingent dayanıqsızlığı nəzərə alınmaqla birləşdirməyə də getmək olar. Məktəblərin bağlanması isə prosesin keyfiyyətə yox, kəmiyyətə fokuslanması anlamına gələcək.

Bir də ki, qaldırılan məsələ uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi gündəmdə olub. Hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans yaranması bu günə qədər həllini tapa bilməyib. Yəqin bir çoxları xatırlamamış deyillər ki, 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi - məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı, nəticədə proses təxirə salındı. O zaman hətta az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra şagirdlərin avtobuslarla daşınması kimi məsələlər müzakirə olunurdu. Sonradan qərara alındı ki, bu iş yalnız Ucar rayonunda həyata keçirilsin. Amma tam hazırlıq olmadığı üçün bu da baş tutmadı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı. 

Sonra “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada fəaliyyət göstərə bilərdi. Artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcəkdi. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaqdı. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edildi. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcəyi nəzərdə tutuldu". 

Nadir

Nadir İsrafilov 

Nadir İsrafilov hesab edir ki, hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını - urbanizasiya prosesini gücləndirə bilər: “Çünki hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi xəritədən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq. Bu gün təhsilin keyfiyyətindən danışırıqsa, bu, heç də təhsilin əhatəliliyini və davamlılığını arxa plana keçirmək anlamına gəlmir. Budəfəki cəhdin nə ilə nəticələnəcəyi isə zamana bağlı olan məsələdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
38
1
musavat.com

10Mənbələr