AZ

Ermənistan cinayətləri ilə ifşa edilir

Tarix boyu soydaşlarımız ermənilər tərəfindən etnik və milli mənsubiyyətə görə qətlə yetirilib, müharibə cinayətlərinin, mina terrorunun qurbanı olublar. Eyni zamanda, yerlə yeksan edilmiş torpaqlarımız, dağıdılmış tarixi-mədəni irsimiz və digər bu kimi cinayət əməlləri barədə ətraflı məlumatlar və sübutlar mövcuddur. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı da Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmuşdu. Belə ki, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələbləri heçə sayıldı, dinc əhalimizə qarşı terror əməlləri davam etdirildi.

Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biri olmalıdır. Belə ki, bütün bunlar  Cenevrə Konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahkar olduqlarının bariz nümunəsidir. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Həmin silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb.

Cinayətlər sənədləşdirilir...

Azərbaycan Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Belə ki, soydaşlarımıza qarşı törədilən həmin cinayətlər sənədləşdirilir və müvafiq hüquqi prosedurlar yerinə yetirilir. İrqi ayrı-seçkilik, mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyan və s. bağlı lazım olan təhlillər aparılır.

Haaqa Məhkəməsinə müraciət

Bu günlərdə Azərbaycan Daimi Arbitraj Məhkəməsinə Ermənistanın enerji resursları ilə bağlı pozuntularını əks etdirən sənəd təqdim edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 19 noyabr 2024-cü il tarixində Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.

Bu iddia sənədi 27 fevral 2023-cü il tarixində Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 8 sentyabr 2023-cü il tarixində təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 12 yanvar 2024-cü ildə keçirilib.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərində öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Enerji mənbələrimizə vurulan zərər

Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.

Təzminat üçün fəaliyyətimiz davam etdiriləcək!

Sənəddə, həmçinin qeyd olunub ki, Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib: “Bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib.

Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
6
3
yeniazerbaycan.com

10Mənbələr