Telefondan istifadə keçid dövrü kimi 14 yaş daha uyğun olar
Türkiyədə bu məsələ yüksək səviyyədə müzakirə edilirsə, bizim ölkədə də bu məsələyə baxılmalıdır
13 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq üçün araşdırmaya başlanılıb. Hazırda Türkiyə Böyük Millət Məclisinin Uşaq Hüquqları Komissiyası bu məsələ üzərində işləyir. Dünyadakı mövcud təcrübələrə görə, 13 yaşından kiçik uşaqlar valideynlərinin icazəsi ilə telefondan istifadə edə bilər və ya yalnız günün müəyyən saatlarında onlara telefondan istifadə etməyə icazə verilir. Bəzi sosial media platformaları da bu yaşda olan uşaqların girişini qadağan edir. Qardaş Türkiyədə də sosial media platformalarında uşaqları təhlükələrdən qorumaq üçün həll yolları axtarılır. Bununla bağlı Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi araşdırmaya başlayıb. Türkiyə Böyük Millət Məclisinin azyaşlıların problemləri ilə məşğul olan Alt Komitəsinə məlumat verən adıçəkilən idarənin sədr müavini Əbdülkərim Gün ABŞ-nin Florida ştatında 13 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edildiyini, Avstraliyada isə məhdudlaşdırıcı qaydalar tətbiq edildiyini, 16 yaşından kiçik uşaqlar üçünsə tənzimləmə qaydalarının qüvvəyə minmək üzrə olduğunu bildirib. Ə.Gün bildirib ki, BTK olaraq “İnternetdə yayımlanan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında” 5651 saylı Qanuna dəyişiklik edilməsi ilə bağlı sosial media proqramlarına və sosial şəbəkələrə nəzarət altında olan şəxslərin çıxışını qadağan etmək üçün çalışırlar. Ə.Gün, “hazırda 13 yaşından kiçik şagirdlərin, yəni orta məktəb uşaqlarının, başqa sözlə orta məktəbi tamamlayan bir şagirdin sosial media tətbiqlərinə və sosial şəbəkələrə girişini qadağan edəcək bir araşdırma üzərində işləyirik. 5651 nömrəli tənzimləmə üçün biz təkliflər irəli sürəcəyik”, söyləyib. Türkiyənin “Sabah” qəzetindən Öndər Yılmazın xəbərinə görə, Uşaq Xidmətləri Ümumi Müdirliyinin Qoruyucu və Profilaktik Xidmətlər Şöbəsinin müdiri Eda Şirnevai, uşaqların smartfon istifadəsini məhdudlaşdırmaq üçün Türkiyə Böyük Millət Məclisi ilə birlikdə çalışdıqlarını açıqlayıb. Komissiyaya təqdimatla çıxış edən professor Tuncay Dilçi, bir çox ölkədə 13 yaşdan kiçik uşaqlar üçün smartfonların qadağan edildiyini bildirərək, Türkiyədə də oxşar təcrübənin gündəmə gətirilməsini təklif edib. Şöbə müdiri Şirnevai isə bununla bağlı TBMM Uşaq Hüquqları Komissiyası ilə birgə işlədiklərini deyib. Ailə və Sosial Xidmətlər Nazirliyinin uşaqların sosial şəbəkələrdən və sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı dünya nümunələrini araşdırdığı da qeyd edilib. Uşaqların sosial şəbəkə və internet resurslarından istifadəsinə dair bir sıra ölkələrdə müxtəlif qadağalar mövcuddur. Məsələn, Çində 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsi ilə sosial media hesabı açması tələb olunur. Çində saat 22:00-dan 06:00-a qədər mobil cihazlara və internetə giriş də qadağandır. ABŞ-nin bəzi ştatlarında 14 yaşından kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun təsdiqlənib, 2025-ci ildən qüvvədə olacaq. Fransada 15 yaşdan aşağı olanlara sosial şəbəkələrə daxil olmaq üçün valideyn icazəsi tələb edilir. Cənubi Koreyada 16 yaşından kiçik uşaqlar üçün gecə saat 24:00-dan 06:00-ya qədər onlayn oyun oynamaq qadağandır. Böyük Britaniyada və Rusiyada yaşı 13-dən aşağı olanlara onlayn platformalarda hesab açmaq qadağandır. İtaliyada 14 yaşından kiçik şəxslərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır. Avstraliyada 14 yaşdan kiçik insanlar üçün sosial media qadağası var. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq olunur. Yunanıstanda uşaqların sosial mediadan istifadəsi ilə bağlı araşdırma aparılır. İrlandiyada isə yaşı 16-dan aşağı olanların smartfonlardan istifadəsinə tam qadağa qoyulması müzakirə olunur.
Sosial şəbəkə, digər internet resursları, smartfonlar və onlayn oyunların azyaşlıların psixikasına mənfi təsir göstərdiyi, uşaqların aqressiyasını artırdığı, fiziki və əqli inkişafa mənfi təsir göstərdiyi, uşaqların zərərli informasiyalardan qorunmasına mane olduğu bəllidir. Dünya ölkələrində uşaqlar və yeniyetmələrə sosial media yasağı olduğu bir vaxtda, Türkiyədə bu məsələ yüksək səviyyədə müzakirə edilirsə, bizim ölkədə də bu məsələyə baxıla bilərmi və buna zərurət varmı?
“Sherg.az"a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, uşaqların zərərli informasiyalar və sosial şəbəkələrdə yayılan yaşlarına uyğun olmayan məlumat və videolardan qorunması vacibdir:
- İnternet təhlükəsizliyi ilə bağlı Azərbaycan artıq ciddi tədbirlər həyata keçirir və qoşulduğumuz beynəlxalq konvensiya da bu öhdəliyi bizə verir. Uşaqların telefondan neçə yaş həddində istifadə edə bilməsinə gəlincə, hesab edirəm ki, keçid dövrü kimi 14 yaş daha uyğun olar. Amma bu necə tənzimlənəcək, əsas məsələ budur. İstər lap 16 yaş olsun. Qanunun tətbiqi və icrası mexanizmi o qədər dəqiq işlənməlidir ki, sabah ayrı-seçkilik yaranmasın. Qadağalar olacaqsa, bu, hamıya şamil edilməlidir.