Bu gün İrlandiyada növbədənkənar ümumi seçkilər keçiriləcək. Seçkilərin nəticələrinə əsasən Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) yeni tərkibi seçiləcək.
Bu barədə 7News.Az yerli KİV-ə istinadən xəbər verir.
Ümumilikdə 174 deputat mandatı uğrunda seçkilər keçiriləcək. Həmin göstərici 2020-ci ildə keçirilən seçkilərlə müqayisədə 14 mandat çoxdur ki, bu da respublika əhalisinin artımını əks etdirir.
2023-cü ilə qədər ölkənin 5,26 milyon əhalisi var idi. Seçki dairələrinin sayı da artırılıb - 39-dan 43-ə çatıb. Onların hər birinin parlamentdə üçdən beşə qədər nümayəndəsi olmalıdır. Parlamentin aşağı palatasında yerlər uğrunda ümumilikdə 685 namizəd mübarizə aparır.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 11:00) açılacaq və saat 22:00-a (Bakı vaxtı ilə saat 02:00) qədər açıq olacaq.
Səslərin yarıdan çoxunu toplayan siyasi partiya hökumət qurmaq hüququ qazanacaq. Lakin 1977-ci ildən indiyədək İrlandiyanın siyasi tarixində belə bir hal baş verməyib.