Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun "Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.
Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb. Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.
Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb. Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
***
12 il aqz deyil. Yəqinki "Tender kralı"nın bu müddətdə niyə belə əməllərə könül verdiyini dərindən sorğulayıb öz-özünə cavablandırmasına vaxtı olacaq...
Y.Məmmədli