"Hesab edirəm ki, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında evlərin söküntüsü ilə bağlı mənzil sahiblərinə verilən hər kvadratmetr üçün 1250 manat kompensasiya azdır".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Ekspert hesab edir ki, verilən vəsaitlə yaxın ərazilərdə daşınmaz əmlak ala bilməyəcək:
"Bura Ağ şəhərin ətrafının bir hissəsidir, hansı ki, hələ sökülməyib. Burada söküntü işləri dövlət hesabına aparılır. Amma dəqiqliklə demək olar olar ki, bir neçə ay öncə həmin ərazidən cəmi bir kv/m aralıda yerləşən və indiki "Sevgi parkı" adlanan ərazidə xeyli sayda fərdi evlərin söküntüsü aparılmışdı. Orada vətəndaşlara öncə 1500 manat kompensasiya vəd edilmişdi. Amma vətəndaşlar bununla razılaşmayıb, aidiyyatı qurumlara şikayət etmişdilər. Bundan sonra vətəndaşlara orta hesabla 2 min, hətta ondan da artıq kompensasiya ödənilmişdi".
Elnur Azadov xatırladıb ki, bu gün sökülməkdə olan ərazidən cəmi 1 neçə metr aralıdakı ərazidə kompensasiya orta hesabla 30-50% artıq ödənilib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında söküntü işlərinə start verilib. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və hər kvadratmetr üçün vətəndaşlara 1250 manat pul verilir. Amma sözügedən ərazidə yaşayan vətəndaşlar təklif edilən məbləğlə razılaşmırlar.
Bahar Rüstəmli