AZ

Qərb Gürcüstanı “rəngli inqilab”a sürükləyir - TƏHLİL

Gürcüstanın Qərbin “rəngli inqilab” dalğasının ilk məruz qaldığı ölkələrdən biri olduğu məlumdur. 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində də Qərb dairələri sözügedən ölkəyə eyni aqibəti yaşatmağa çalışdılar. Amma Gürcüstan seçicilərinin əksəriyyəti  “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına, yəni sabitliyə və əmin-amanlığa səs verməklə növbəti fəlakətdən xilas ola bildi. Bununla Gürcüstan Qərbin nazı ilə oturub-durmaq istəmədiyini bir daha bütün dünyaya göstərdi. Amma Cənubi Qafqazı nəzarəti altına almağa çalışan Qərb “Gürcü Arzusu”nun bu uğurunu, həm də bu ölkəni Rusiyaya qarşı qaldıra bilməməsini hələ də həzm edə bilmir. Hətta bu kimi səbəblərdən Gürcüstan hakimiyyətinin nümayəndələrinin üzünə Qərbin bütün qapıları bağlanıb desək, yanılmarıq.

Elə o vaxtdan Gürcüstanda vəziyyət daha da gərginləşib. Artıq ölkədə  etirazlar, nümayişlər səngimək bilmir. Hətta dünən Tbilisidə ölkə parlamentinin binası yaxınlığında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq fikrini səsləndirməsini əsas tutan nümayişçilərlə polis arasında toqquşmalar da qeydə alınıb. Nümayişçilərin arasında ikili vətəndaşlığı olan Gürcüstan Prezidenti Salome Zurabişvili də olub. Bu fakt isə onun “rəngli inqilab” ssenarisinin müəlliflərindən biri olduğunu bir daha təsdiqləyir.

Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Gürcüstan hökumətinin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb. Hakim “Gürcü Arzusu” Partiyasının Baş katibi Kaxa Kaladze isə bu qərarın bəzilərini niyə təəccübləndirdiyinin anlaşılan olmadığını bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə keçirdiyi brifinqdə deyib ki, səfir   ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa diplomatik tədbirlər görüləcək.

Hadisələrin gedişatı göstərir ki, bütün bu olayların arxasında hakim “Gürcü Arzusu”nun qələbəsi ilə razılaşmayan  Qərb dayanır. Belə ki, Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə xaricdən asılı olan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda planlaşdırdığı “rəngli inqilab”ı  həyata keçirməyə çalışır. Daha doğrusu, Qərb dairələrinin niyyəti onların sözü ilə oturub-durmayan mövcud hakimiyyəti devirmək və ölkədə Qərbmeylli iqtidar komandası formalaşdırmaqdır. Bu isə o deməkdir ki, Gürcüstan hazırda xarici qüvvələrin “rəngli inqilab” cəhdi ilə üzləşib.

Mütəxəssislərin fikrincə, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş “rəngli inqilab”ların, həmçinin  2014-cü ildə Ukraynada baş vermis inqilabın özünəməxsus formada təkrarını ehtiva edir. Belə bir planın reallaşmasında Qərblə yanaşı, ABŞ-dakı Beynəlxalq İnkişaf Agentliyi (USAID) kimi təşkilatlar da fəallıq göstərirlər. Bir məsələni də vurğulayaq ki, artıq  USAID   Ermənistanı əgər belə demək mümkünsə, tam ələ almağı bacarıb. 

 Artıq yayılmış məlumatlar da təsdiq edir ki,  verdiyi boş vədlərlə Ukraynanı qan çanağına döndərən, bu ölkəni həm iqtisadi, həm də insan resursları baxımından fəlakətlə üz-üzə qoyan Qərb Gürcüstanla yanaşı, müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələri də nəyin bahasına olursa, olsun qaynar nöqtələrə çevirmək niyyətindədir. Hətta mənfur Qərbin eyni ssenarini qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlaması gözlənilir.

Hazırda isə Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların  Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu açıq-aydın görünür. Ancaq artıq gürcü xalqı, eləcə də hazırda hakimiyyət başında olan “Gürcü Arzusu” Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır. Digər tərəfdən, “qızılgül inqilabı”ndan keçən 20 ildən artıq müddətdə ölkədə nə işğal altında olan torpaqlar azad olunub, nə sosial vəziyyət yaxşılaşıb. Gürcü xalqı bu dirənişi ilə Qərbə bir daha göstərmək istəyir ki,  daha "rəngli inqilablar" dövrü bitib. Elə bu kimi səbəblərdən də xalq  belə olaylara ciddi müqavimət göstərir. Onlar həm də yaxşı dərk edirlər ki,  xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndriməkdən keçir. Şübhəsiz, Azərbaycan və Gürcüstan bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə, regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Nə yazıq ki, Ermənistan hələ də bu  reallığı anlamaq istəmir.

Yeri gəlmişkən qeyd edək ki, haylar Qərbin Ukrayna ilə bağlı planının baş tutacağını zənn edirdilər. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun puça çıxdığını göstərir. Haylar Gürcüstanda Qərbin niyyətinin baş tutacağına da ümid edirdilər. Gürcüstan isə Qərbə müqavimət göstərməklə ermənilərə əməlli- başlı dərs keçir. İndi Ermənistanın yeganə ümid yeri Polşa Prezidenti Andjey Duda kimilərinədir. Haylar hələ də dərk etmirlər ki,  Duda  beynəlxalq siyasətdə ciddi qəbul olunmayan bir fiqurdur və bir müddət sonra keçiriləcək növbəti seçkilərdə onun fatihəsi veriləcək. Amma bu, bir faktdır ki, Ermənistan Qərbin təhriki ilə silahlanır, bununla da yeni bir müharibəyə hazırlıq görür. Şübhəsiz, bu addımları ilə Hayastan, əgər belə demək mümkünsə, Qərbin əli ilə özünə qəbir qazıyır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
14
50
ikisahil.az

10Mənbələr