Bu gün Mərkəzi Bankda keçirilən noyabrın yeddinci valyuta hərracı yekunlaşdı və məlum oldu ki, ay ərzində ümumilikdə yerli kommersiya banklarına 487.1 milyon ABŞ dolları valyuta satılıb. Bu barədə Banker.az-ın apardığı ilkin hesablamalarda bildirilir. Fond bunu növbəti ayın ilk həftəsində açıqlamalıdır.
News24.az banker.az -a istinadla xəbər verir ki, bu da 2024-cü ilin yanvarından bu tərəfə aylar üzrə qeydə alınan minimal göstəricidir.
Beləliklə, cari ilin ilk 11 ayında Dövlət Neft Fondu və Mərkəzi Bank banklara cəmi 6 milyard 457.5 milyon dollar satmış olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 182.7 milyon dollar və ya 97.2% artımdır.
Keçən ilin eyni dövründə 3 milyard 274.7 milyon dollar satılmışdı.
Ötən ay ərzində baş tutan hərraclarda 672.7 milyon dollarlıq valyuta satılsa da, əsas satış mövqeyində çıxış edən ARDNF yalnız 174.4 milyon dollarlıq əməliyyatın onun üzərinə düşdüyünü bildirmişdi. Azərbaycan Mərkəzi Bankı isə valyuta bazarındakı tələbi dəstəkləmək üçün uçot faiz dərəcəsinə dair iclasda 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. Baş bankir bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.
AMB son iclasında bildirdi ki, ümumilikdə valyuta bazarı “profisitli tədiyə balansı şəraiti”ndə fəaliyyət göstərir.
Tənzimləyici son proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ilin sonuna 5.3 mlrd. dollar, 2025-ci ilə isə 5.5 mlrd. dollar olacağını gözlədiyini bildirir. Bu, tədiyyə balansının əsas komponentdir.
İlkin statistik məlumatları təqdim edən Dövlət Gömrük Komitəsi cari ilin ilk 10 ayında ölkənin ticarət balansında 6 milyard 105.89 milyon dollar həcmində profisit yarandığını bildirib. Bu, sentyabra qədər 5 milyard 211.69 milyon dollar olmuşdu.