Xəbər verdiyimiz kimi, dünən Gürcüstanın paytaxtı Tbilisidə hökumətin Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarına qarşı etiraz aksiyası davam etdirilib.
“Qafqazinfo”nun Gürcüstan mediasına istinadən məlumatına görə, polis etirazçıları parlament binasından uzaqlaşdıra bilsə də, gecə boyu aksiyaçıların bəziləri Rustaveli prospektində qalıb.
Onlar skamya və zibil qutularından istifadə edərək barrikadalar qurmağa çalışıb. Daha sonradan isə Rustaveli prospektində qalan etirazçıların xüsusi təyinatlılar vasitəsilə ərazidən uzaqlaşdırıldığı məlum olub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya iştirakçıları polis əməkdaşlarına daş, pirotexniki vasitə, şüşə butulkalar atıb.
Nəticədə aksiya zamanı 107 nəfər saxlanılıb, 10 polis isə yaralanıb.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.
Bunun ardınca paytaxt Tbilisidə hökumətin bu qərarına qarşı kütləvi etiraz aksiyası keçirilib. Həmin gün baş tutan aksiya zamanı 43 etirazçı saxlanılıb, 32 polis əməkdaşı isə xəsarət almışdı.