Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün B qrupunda 4-cü tura start verilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı Lənkəranda keçirilib.
Yerli komanda doğma meydanda keçirdiyi ikinci oyununda “Ordu”nu sınağa çəkib. Görüşdə daha yaxşı təsir bağışlayan qonaqlar yekunda 37 xal fərqli inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlmişdi. Sabah – noyabrın 30-da “Sabah” NTD-ni, “Quba” “Sumqayıt”ı sınağa çəkəcək. Tura dekabrın 1-də keçiriləcək 2 matçla yekun vurulacaq. Həmin gün “Sərhədçi” “Neftçi”ni, “Gəncə” isə “Şəki”ni sınağa çəkəcək.
Azərbaycan Basketbol Liqası
B qrupu, 4-cü tur
29 noyabr
Lənkəran – Ordu 55:92 (13:29, 20:16, 9:28, 13:19)
Lənkəran Olimpiya İdman Kompleksi.
Xallar: Ordu – 7. Gəncə – 6. Lənkəran – 6. Şəki – 5. Quba – 3. Sumqayıt – 3.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.