Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında dünəndən bəri keçirilən aksiyada 107 etirazçı saxlanılıb. Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə boya butulkaları, daş, pirotexniki vasitələr, metal əşyalar atıblar. Aksiya zamanı 10 polis əməkdaşı xəsarət alıb. Xatırladaq ki, təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Gürcüstan DİN-in yaydığı bəyanatda aksiyanın qanundan kənara çıxdığı və nümayişçilərin infrastruktura ziyan vurduğu bildirilirdi. Daha sonra parlament binasının qarşısı və ətrafı etirazçılardan tam təmizlənib. Qeyd edək ki, 100-dən çox gürcü diplomatı hökumətin Aİ üzvlüyünə doğru öz gedişatını dayandırmaq qərarını tənqid edən açıq məktub imzalayıb. Diplomatlar bildiriblər ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarılması barədə hakim "Gürcü Arzusu" partiyasından olan Baş nazir İrakli Kobaxidze tərəfindən cümə axşamı elan edilmiş qərar ölkənin bloka qoşulmaqla bağlı konstitusiya haqqını pozur. Müxalifət “Gürcü arzusu”nu Rusiyaya meyl etməkdə ittiham edir. Kobaxidzenin açıqlamasından sonra minlərlə insan küçələrə axışıb.