Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də Birliyin müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniş tərkibli müşavirəsi keçirilib.
TƏBİB-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Birliyin və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik, radiasiya təhlükəsizliyi, sanitariya, gigiyena normaları və standartları, infeksion-nəzarət sisteminin təkmilləşdirilməsi və tibb müəssisələrinin kommunikasiya fəaliyyəti müzakirə olunub.
V.Qurbanov COP29-da iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edildiyini diqqətə çatdıraraq, “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirib.
“Ümumilikdə ölkəmiz tərəfindən götürülmüş öhdəliklər, prioritet hesab edilən qərarlar tibb sahəsi üçün də keçərlidir. Bundan sonrakı dövr üçün mərhələli şəkildə yaşıl xəstəxana, tibbi tullantı mövzusu və enerjidən düzgün istifadə edilməsi istiqamətində səmərəli qərarların qəbul edilməsi labüddür”, - deyə V.Qurbanov qeyd edib.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov COP29 zamanı dövlət tibb müəssisələrinin işinin təşkili barədə ətraflı məruzə ilə çıxış edib. O, TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciətinin qeydə alındığını, tibb məntəqələrinə müraciət edənlərin sayının 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlərin isə 492 nəfər təşkil etdiyini bildirib.
“İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar. Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb və onların hər birinə qüsursuz tibbi xidmət göstərilib”, - deyə o əlavə edib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov çıxışında konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadasının tədbirin keçirildiyi müvafiq ərazilərə fasiləsiz təhkim olunduğunu, 492 nəfərin isə həmin təcili yardım briqadalarına müraciət etdiyini və tibbi xidmət aldığını deyib. “COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edirdi, əvəzedici ambulanslar təhkim olunmuşdu. Təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər, xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün ingilis dili kursları da faydalı oldu”, - deyə M.Cəlalov bildirib.
Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva COP29 zamanı əsas diqqət yetirilməsi vacib sayılan məsələlərdən biri olan infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, həmçinin konfransın sessiya və panellərində iştirakla bağlı çıxış edib. O, çıxışında konfrans öncəsi bir çox hazırlıq tədbirlərinin görüldüyünü qeyd edərək, Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məhəmmədi modul tipli xəstəxanaların hazırlıq dərəcəsinin monitorinq edildiyini, infrastrukturun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb. Departament rəhbəri COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış “Vahid Sağlamlıq üzrə” Milli Strategiya və Tədbirlər Planının hazırlanmasında TƏBİB-in də rolunu qeyd edib.
“Tibbi xidmətlərin inkişafı departamentinin fəaliyyət istiqamətinə uyğun olaraq ötən müşavirədən sonrakı müddətdə TƏBİB-in icraçı direktorunun müvafiq əmri ilə tibb müəssisələrində endoskopiya xidmətinin qiymətləndirilməsi həyata keçirilib, 25 müəssisədən 23 müəssisənin qiymətləndirilməsi başa çatıb. Əsas məqsəd tabeli tibb müəssisələrimizdə bu xidməti qənaətbəxş vəziyyətdə təşkil etməkdir”, - deyə Y.Qarayeva diqqətə çatdırıb.
Daha sonra çıxış edən İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova COP29-da kommunikasiya və böhran kommunikasiya hallarının idarə olunması prosesində tibb müəssisələrinin rolundan, eləcə də tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr, böhran kommunikasiyası, rəqəmsal marketinq istiqamətində gördüyü işlərdən danışıb.
Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Qurbanov çıxış edərək bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində əməyin mühafizəsi qaydaları, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələrlə bağlı məlumatlandırma, yanğın, texniki, elektrik və radiasiya təhlükəsizliyi istiqamətlərini əhatə edən yoxlamalar keçirilib. Bu günə kimi yoxlamalar, demək olar ki, TƏBİB-in bütün tabeli tibb müəssisələrində (Şəki-Zaqatala, Şəmkir-Tovuz, Qarabağ TƏB-ləri istisna olmaqla) təşkil edilib.
O.Qurbanov əksər xəstəxanalarda təhlükə potensiallı obyektlərdə daimi nəzarətin təşkil edildiyini bildirib.