Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.
Publika.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq.
Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1975-1982-ci illərdə Azərbaycan SSR Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsində memar, 1983-1992-ci illərdə "Bərpaçı" Baş idarəsində memar, 1992-2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi işləyib.
2003-2015-ci illərdə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir.