Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncam ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov işdən çıxarılıb.
“Bakupost”a istinadən xəbər verilir ki, buna onun işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımı səviyyədə qura bilməməsi səbəb olub.
Qeyd edək ki, o, bu vəzifəyə 27 fevral 2014-cü ildə təyin olunmuşdu.
Z.Hüseynov 10 ildən artıq müddətdə “Bakı Metropoliteni”nə rəhbərlik etsə də, paytaxt sakinlərinin rahat və ucuz olduğu üçün ən çox istifadə etdiyi nəqliyyatın işində dönüş yarada bilmədi. Bir neçə yeni stansiyanın açılışını (onların tikintisinə əvvəlki rəhbərliyin vaxtında başlanmışdı) nəzərə almasaq, ötən 10 il ərzində metro təsərrüfatında ciddi yeniliklərin baş verdiyini söyləmək çətindir.
Amma əvəzində biz nələri müşahidə etdik? Metroda hərəkətin intensivləşməsini gözlədiyimiz halda qatarların gecikməsinin adi hal almasını. Bu, problem xüsusən də son aylarda daha qabarıq şəkildə nəzərə çarpmağa başladı. Bu yaxınlarda "28 May" stansiyasında yaranan problem yəqin ki, hər kəsin yadındadır. Xəttə buraxılan qatarın nasaz olması səbəbindən sərnişinlər "28 May"da düşürüldü və qatar müayinəyə göndərildi. Uzun intervalın yaranması insanların bir saata yaxın metroda qalmasına səbəb oldu. Metropolitendən verilən açıqlamada problemlə bağlı xüsusi iclasın keçiriləcəyi bildirildi. İclas keçirilsə də, heç bir nəticəsi olmadı.
Bu gün metronun "Sahil" stansiyasında yaşananlar bunu bir daha təsdiq etdi.
Stansiyada eskalatorlardan birinin hərəkətində fasilə yarandı və bu da öz növbəsində metroda ciddi sıxlıq yaratdı. Nəticədə yalnız metroda deyil, şəhərin mərkəzində ictimai nəqliyyat, bütövlükdə yol hərəkəti müəyyən müddətə iflic oldu, insanlar saatlarla dayanacaqlarda qaldılar.
Beləliklə, Zaur Hüseynovun rəhbərlik etdiyi sahədə işi düzgün qura bilməməsinin məntiqi nəticəsi olaraq, o, vəzifəsindən azad edildi.
Bəs, onun yerinə təyin olunan Vüsal Aslanov bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcəkmi? Hələlik yalnız onu deyə bilərik ki, o, gənc olmasına rəğmən, nəqliyyat sahəsində mühüm vəzifələrdə çalışıb və müəyyən təcrübə əldə edib. Yeni vəzifəsində nə qədər ugurlu olacağını isə yaşayarıq, görərik.
Mənbə: avtosfer.az