Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni detallar məlum olub.
Teleqraf.com xəbər verir ki, sərnişin təyyarəsinin Rusiya ərazisinə daxil olarkən, qəzadan əvvəl hava hücumundan müdafiə sistemləri ilə vurulduğu bildirilir.
Söhbət Rusiya ordusunun arsenalında olan “Pantsir S” zenit-raket kompleksindən gedir. Həmin məlumata görə, təyyarə bu sistemlə Rusiya hərbçiləri tərəfindən vurulub.
Bəs “Pantsir S” hansı xüsusiyyətlərə malikdir?
“Pantsir S” Rusiyanın KBP korporasiyası tərəfindən istehsal olunan qısa və ortamənzilli zenit-artilleriya və zenit-raket kompleksidir. Kompleks müasir hava hücumundan müdafiə texnologiyaları və radarla təchiz olunub.
“Pantsir-S” hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edilir.
1995-ci ildə ilk hazırlanmış variant 1L36 radarı ilə təchiz olunub. Bu radar sonradan başqa bir sistemlə əvəz edilib. Bu qısa və ortamənzilli hava hücumundan müdafiə sistemi təkərli və ya tırtıllı maşınların üzərində yerləşdirilə bilər. Sistemin hava hücumundan müdafiə komplektinə avtomatik zenit-artilleriya topu, səth-hava raketləri, radar və ya optik axtarış sistemi və radio-nəzarət məntəqəsi daxildir.
Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır. Sistem tam avtomatik şəkildə fəaliyyət göstərir.
4–6 saniyəlik reaksiya vaxtı ilə bir raketi məhv etmək ehtimalı 0.7-dən aşağı deyil. Hərəkətdə olduğu halda belə raket və ya zenit-artilleriya topundan atəş aça bilir. Əsas radar stansiyası sistemin fəaliyyət göstərdiyi rejimdən asılı olaraq 0–60 və ya 26–82 dərəcə aralıqlarında hədəfi təyin edə bilir.
Bu hava hücumundan müdafiə sistemi öz sinfindən olan digər oxşar komplekslərə qarşı bir çox üstünlükləri ilə fərqlənir. Bu, müqayisəli sınaqlarla yoxlanılmasa da, müxtəlif sistemlərin potensial limitləri bunu sübut edir.
2013-cü ildən etibarən bu sistemdə erkən xəbərdarlıq məqsədilə iki radar stansiyasından istifadə olunur. İstənilən mənbədən daxil olan hədəf koordinatları ümumi sistemə daxil edildikdən sonra −5 və +82 dərəcə aralığında hərəkət edən hədəfi məhv edə bilər. Hədəfin məhv edilməsi məqsədilə raketlərin buraxılması intervalı 1–1.5 saniyə arasında dəyişir ki, bu da sistemi öz analoqları ilə müqayisədə əlçatmaz edir.