AZ

Sankt-Peterburqda təyyarə qəzası qurbanlarının xatirəsi anılıb

Sankt-Peterburq, 26 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən matəm elan olunmuş dekabrın 26-da ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda dövlət bayrağımız endirilib və başsağlığı kitabı açılıb.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, baş konsul vəzifəsini icra edən Anar Yusifzadə və baş konsulluğun heyəti həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə gül dəstələri düzüblər.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə nümayəndəsinin müavini Andrey Relkin, Türkiyənin baş konsulu Özgün Talu, bu şəhərdə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Sankt-Peterburq hökumətinin üzvləri, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri, vətəndaşlarımız və soydaşlarımız baş konsulluğa gələrək faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıb, başsağlığı kitabına ürək sözlərini yazıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Seçilən
11
8
azertag.az

10Mənbələr