AZ

Rusiya hava məkanı mülki aviasiya üçün risk zonasıdır - Ekspertin gündəmə gətirdiyi faktlar

“Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiyanın hava məkanında Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Qroznidə yerləşən hava hücumundan müdafiə vasitələrinin tərkibində olan "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən açılan atəşlə qəza vəziyyətinə gətirilməsi artıq məlumdur. Bu, həm təyyarənin yerə düşməsindən sonrakı bortun fizioloji müşahidələri, həm də qəzanın səbəbləri ilə bağlı ilkin ehtimalların həmin istiqamətdə olması ilə aydın görünür. Buna baxmayaraq, Rusiyanın hələ də bu məsələdə susqunluğu  anlaşılan deyil”
 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxalıyev deyib.
 
Hərbi ekspertin sözlərinə görə, təbii ki, Rusiya tərəfi Qroznıdə və Mahaçqalada Ukrayna tərəfindən mümkün pilotsuz uçuş aparatlarının (PUA) zərbə ehtimallarının olduğu bir vaxtda hava məkanını bağlaya bilərdi:
 
 “Azərbaycan tərəfinə vaxtında xəbərdarlıq edə bilərdi ki, həmin istiqamətdə uçuşlar həyata keçirilməsin, ancaq bunu etmədilər. Nəticədə, təhlükəli bir hava məkanına təyyarəmizin daxil olmasına heç bir məhdudiyyət qoyulmadı. Bu, baş vermiş qəzanın əsas səbəblərindən biri hesab edilə bilər. Həmçinin, ehtimallara görə, Qroznıda yerləşən hərbi radarlar Azərbaycan təyyarəsini yanlışlıqla Ukrayna tərəfindən Qroznıya və ya Mahaçqala istiqamətinə yönəldilmiş PUA kimi qələmə veriblər. Belə ki, sanki təhlükə Ukraynadan gəlirmiş kimi mülki təyyarə hərbi hədəf olaraq görülüb və bunun əsasında "Pantsir-S" zenit-raket kompleksi ilə atəş açılıb. Havanın məhdud görünüş şəraitində, hədəf havada açıq-aydın görünmürsə, belə vəziyyətlərdə hava hücumundan müdafiə sistemlərinin texnoloji üstünlükləri çox önəmli rol oynayır. Lakin görünür ki, Qroznıdə yerləşən sistemlər müasir texnoloji tələblərə uyğun olmayan  texnologiyalarla təchiz olunub. Bu cür avadanlıqlar hədəfin mülki təyyarə, hərbi təyyarə və ya pilotsuz uçuş aparatı olduğunu dəqiq müəyyənləşdirməkdə çətinlik çəkir. Nəticədə, onlar Azərbaycan mülki təyyarəsini yanlışlıqla hərbi hədəf olaraq qəbul edib atəş açıblar. Hazırda hadisənin hərbi müdaxilə deyil, sadəcə texniki səhv olduğunu göstərmək üçün Rusiya tərəfinin bu addımı siyasilər səviyyəsində əsaslandırmağa çalışdığı ehtimal olunur. Mülki aviasiya üzərinə atəş açılması hərbi qüvvələr tərəfindən heç bir halda həyata keçirilməməli idi və etməsi nəticəsində artıq biz bunun müzakirəsini aparırıq”.
 
Hərbi ekspert vurğulayıb ki, əgər təyyarə qəza vəziyyətinə düşüb və pilotlar Qroznı aviasiya dispetçerləri ilə əlaqə saxlayıblarsa, bu zaman dispetçerlər təyyarəni daha təhlükəsiz uçuş marşrutlarına yönləndirə bilərdilər:
 
“Lakin belə bir yönləndirmənin edilməməsi və təyyarənin təhlükəli zonada qalmasına imkan verilməsi, hadisənin digər mühüm tərəflərindən biridir. Eyni zamanda, təyyarənin vurulması hadisəsi baş verdiyi anda Rusiya Hərbi Hava Qüvvələri komandanlığı, Müdafiə Nazirliyi və hətta Rusiya Prezidenti bu barədə dərhal məlumatlandırılmalı idi. Belə bir kritik hadisənin bu strukturlardan xəbərsiz qalması ehtimalı çox azdır. Bu səbəbdən, Rusiyanın rəsmi nümayəndələrinin indiyə qədər məsələyə münasibət bildirməməsi anlaşılan deyil. Adətən, belə hadisələrdə bir ölkənin silahlı qüvvələri digər ölkənin mülki və ya hərbi aviasiyasına qarşı səhvən zərbə endirəndə, hadisənin qərəzli olmadığını göstərmək üçün rəsmi üzrxahlıq edilir və təzminatlar ödənilir. Beynəlxalq praktikada bu cür nümunələr çoxdur. Biz hələ bunu Rusiyadan görmədiyimiz üçün kifayət qədər burada suallar yaradır. Rusiya tərəfi hadisəni texniki ekspertiza nəticələrindən sonra dəyərləndirəcəklərini bildirib. Bu da qəzanın baş vermə səbəblərinin tam şəkildə araşdırılmasından və sübutların toplanmasından sonra mümkün olacaq. Texniki ekspertizanın, qara qutuların oxunmasının və vizual müşahidələrin nəticələrinin əldə olunması vaxt tələb edir. Ən azından bir həftə ərzində bu məlumatların açıqlanması çətin görünür”.
 
“Lakin burada əsas məsələ, Rusiya atmalı olduğu addımları vaxtında atmalı idi. Qəza baş vermədən öncə hava məkanında daha diqqətli monitorinq, riskli zonalara daxil olan mülki təyyarələrin yönləndirilməsi və ya bu təhlükələrin əvvəlcədən bildirilməsi ilə qəzanın qarşısı alına bilərdi.
Hazırkı vəziyyət göstərir ki, Rusiya hərbi hava qüvvələri arasında ciddi koordinasiya problemi mövcuddur. Mülki aviasiya reyslərinin Rusiya hava məkanına daxil olduğu halda, onların təhlükəsizliyini təmin etmək gücündə deyil. Hava hücumundan müdafiə sistemlərinin fəaliyyətində yaranan bu cür uyğunsuzluq, həm texniki, həm də idarəetmə səviyyəsində ciddi problemlərin mövcudluğunu göstərir. Bu səbəbdən də, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə, Rusiyanın hava məkanı təhlükəli bir zona kimi qəbul edilməlidir. Hava məkanından istifadə edən mülki aviasiyası bu riskləri nəzərə alaraq, müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”,- deyə Elxan Şıxalıyev şərh edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
1
50
moderator.az

10Mənbələr