Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərəfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyir. Buna görə də rəsmi Moskva hələ olaya heç bir qiymət verməyəcək.
“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik”.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov hadisə ilə bağlı Modern.az-a danışıb.
O qeyd edib ki, Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir:
“Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətlidir. Qəza ilə bağlı bir neçə versiya var. Hazırda dəqiq nə baş verib deyə bilmərik, istintaq gedir. Fərqli yerlərdən ayrı-ayrı məlumatlar toplamışam, belə ehtimal olunur ki, təyyarə Ukraynanın Qroznıya hava hücumu zamanı enmək istəyib. Ukraynanın hücumu ilə bağlı da tədbirlər görülüb. Pilot Bakıya qayıtmaq qərarı alıb. Təyyarə bundan sonra zərbəyə məruz qalıb. Pilot elə bilib ki, quş hücumudur və dispeçirə məlumat verib. Bunun hərbi proses olduğu başa düşülüb və 16 dəqiqə sonra aeroport bağlanma qərarı alıb. Digər aeroportlar da bu hadisəni bildiklərinə görə təyyarəni qəbul etməyib. Zərbədə təyyarənin birinci qanadı əzilib və qəza enişi edilib. Bildirim ki, əgər bu qəzada günahkar Rusiyadırsa, öz günahını boynuna almalı, üzr istəməli və kompensasiya ödəməlidir. Amma indi dəqiq bir şey deyə bilmərik, Qazaxıstanda istintaq gedir, nəticələrinə uyğun olaraq davranılacaq”.